Buzovna qəsəbəsinin Abşeron küçəsində təmir işləri aparılır

14 Sentyabr 2022- 15:36

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Buzovna qəsəbəsində Abşeron küçəsi, döngə 21 ünvanında təmir işləri aparılır. 
 
Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1500 metr, eni isə ortalama 6 metr təşkil edir.  
 
Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt örtük frezlənib, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda ərazidə yeni yol əsasının inşası işləri aparılır.
 
Daha sonra  yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. 
 
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
 
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri aparılır. 
 
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub. 
 
YOLUNUZ AÇIQ OLSUN…