Yolların tarixi

Azərbaycan yollarının tarixi

Qədim vaxtlardan Avropa, Yaxın Şərq və Asiya bazarlarını birləşdirən yolların kəşisməsində olan Azərbaycan "Şərqin Qapıları" kimi sayılırdı. Hətta 10 min il bundan əvvəl Qobustan qayalarında naxış vurulmuş qayıq şəkilləri göstərirlər ki, gədim şumerlər dənizə qədər yol çəkərək qayıqlardan istifadə ediblər. Alban dövləti zamanı Azərbaycanda böyük və kiçik şəhərlər yaranarkən, onları birləşdirən yollara ehtiyac artırdı.

6-8-ci əsrlərdə Azərbaycanda ticarət yolları üzərində Bərdə, Dərbənd,  Qəbələ, Çola,  Beyləqan kimi şəhərlər yerləşirdi. Şəki, Şəmkir, Naxçıvan, Kaburqala (Ağdam) və Torpaqqala (Qax) kimi böyük ticarət mərkəzləri var idi. 
Uzaq Asiyadan, Çindən, Hindistandan gələn, Qara və Aralıq dənizlərinə çıxan "Böyük İpək Yolu" Azərbaycan şəhərlərinə də toxunurdu.

Arxeoloqların fikrincə, hazırki müasir avtomobil yolları gədim ticarət yolların üzəri ilə keçirlər. Elə Azərbaycanda da Bakı-Salyan, Bakı-Quba, Bakı-Şamaxı və Bərdə-Gəncə avtomobil yolları qismən qədim yolları təkrar edirlər.
XVII-ci əsrdən xanlıqlar arası və xarici ölkələrlə ticarət əlaqəsi var idi. Ticari əlaqələr əsasən quru yollarla həyata keçirilirdi.

Orta və yeni əsrlərdə ölkədəki yollar aşağıda kimi qruplaşdılıra bilər:
- Qara Dənizdən Xəzər Dəniz istiqamətində,

- Laqodexi-Balakən-Şəki-Bakı

Şamaxıdan Astraxan istiqamətində: Şamaxı-Qobustan düzü-Dərbənd-Astraxan, Şamaxı-Bakı (sonra dənizlə Astraxana, İrana və Türküstana), Şamaxı-Təngə keçidi (Quba mahalından).

Təbii ki, yollar inkişaf etməklə bərabər körpülərin tikintisi də aparılırdı. Azərbaycanın gədim ticarət mərkəzlərində, karvan yollarında çoxlu körpülər tikilib. Gədim körpülərdən bəziləri bu günə kimi qorunub, saxlanılıb. Bunlara Xudafərin körpüsü (Cəbrayıl rayonu), Sınıq körpü (Qazax rayonu), Gəncə və Naxçıvan körpüləri aiddir.

 

XIX əsrin ortaları

Azərbaycanda yol şəbəkəsinin inkişafı 19-cu əsrin ortalarından başlayıb. Yol şəbəkəsinin böyük hissəsi Bakı quberniyası ətrafında cəmləşmişdi. Bunun başlıca səbəbi neft və neft məhsullarının daşınması idi. Daşımlar arabalarla, karvan şəklində təşkil edilirdi. Çünki neft daşımaları zamanı arabaların hərəkətini daha rahat təmin etmək üçün yollar əlverişli olmalı idi.

O zaman, daha dəqiqi 1850-ci ildə Azərbaycanda ilk şosse yolu inşa edildi. İlk şosse yolu Yelizavetpol quberniyasının  (1918-dən sonra Gəncə quberniyası) Abdalyar (Laçın şəhəri) yaşayış məntəqəsinin yaxınlığında inşa edilib.

1860-cı ildə isə Yevlax-Şuşa-Naxçıvan-İrəvan şosse yolu salınıb. 20-ci əsrin əvvəllərində yolların əksər hissəsi çınqıl örtüklü olub. Cəmi 209 kilometr yol bərk örtüklü olub. Həmin vaxt yollarla əsasən faytonlar hərəkət edirdilər. 

 

XX əsrin əvvəlləri

1918-ci ilə qədər Azərbaycan Rus İmperiyasının daxilində olarkən yolların inkişafı siyası, iqtisadi, mədəni və sənaye sahələrdə baş verən inkişafa müvafiq idi. Bu dövrdə yollar əsasən torpaq, çınqıl, qırma daş, çayın çaqıl daşı, əhəng daşından tikilirdi. Yolların inkışafı əsasən quberniyalar arası poçt yollarının şosselərə çevrilməsi ilə həyata keçirilirdi (yəni çınqıl və ya çaqıl daşları ilə bərpa olunurdu). Bu cür bərpa işləri aparılsa da, Çar Rusiyası yolların tikilməsinə o qədər də əhəmiyyət verməyib, çünki nəqliyyata kapital qoyuluşu əsas neftin ixracı ilə bağlı idi. Neft isə dənizlə ixrac olunurdu.

Azərbaycana ilk avtomobillər XX əsrin əvvəlində gətirilib. Birinci avtomobillər Quba quberniyasına və Salyan ərazisinə gəlib çıxmışdı. Bu ilk avtomobillər "Ekspess" cəmiyyətinə məxsus olub, və avtomobillərin sayının çoxalması şosse yollarının tikilməsinə təkan verdi.

1911-ci ildə avtomobillərin sayı 36, 1918-ci ildə isə 230 təşkil edirdi. Amma yol texnikası çox az sayda mövcüd idi. 1913-cü ildə ancaq 2 daşqoyan, 6 at-araba yolbasan maşını var idi.

1918-ci ildə birinci yol tikintisi üzrə təşkilat yaranılıb. Onun isə cəmi 15 yük, 12 yolbasan və 4 qreyder maşını mövcud idi.

 

1918-1920-ci illər

1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Demokratik Cümhuriyyətinin  ilk müstəqil hökumətini təşkil etmək bitərəf olan Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasına daxil olan "Yollar, Poçt və Teleqraf Nazirliyi" yaradılıb. Birinci nazir isə Xudadad bəy Məlikaslanov təyin edilib. Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində mövcud olsa da, yollar sahəsində o dövr üçün böyük işlər görüldü. Avtomobil yollarının sayı artdı, onlar çınqıl ilə örtüldü, körpülər və borular bərpa olundu. Texniki cəhətdən yolların aşağıdakı kimi növləri və uzunluğu var idi:

Təbii yollar – 1980 km
Düzgün profil verilmiş yaxşılaşdırılmış yollar – 460 km
Çınqıllı yollar – 250 km
Bərk örtüklü (çınqıl, çaqıl, qırma daş) – 310 km
Mal-qara sürülən yollar – 4000 km

 

İkinci dünya müharibəsindən əvvəl (1921-1940)

1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikasının parlamenti hakimiyyətin Azərbaycan kommunistlərinə təhvil verilməsi barədə qərar çıxardı.

Azərbaycandan təbii sərvətlərinin sovetlərin öz xeyri üçün nəql etmək yolları məsələsinə xüsusi diqqət yetirilirdi. Məhz bu üzdən Xalq Komissarları Sovetinin 283 nömrəli qərarı ilə Şose və Torpaq Yolları İdarəsi yaradıldı. 1921-ci ildə idarənin adı Xalq Təsərrüfatı Şurası nəznində Şosse-Su Təsərrüfatı İdarəsinə dəyişdirildi.

1924-cü ildə idarə ləğv olunaraq yenə də Azərbaycan SSR Xalq Komissarları Sovetinin nəznində Şose və Torpaq Yolları İdarəsi (rus. Упршосдор, Uprşosdor) yaradıldı.

1928-ci ildə onun əsasında isə Şose və Torpaq Yolları və Avtomobil Nəqliyyatı Baş İdarəsi (rus. Азглавдортранс, Azqlavdortrans) fəaliyyətə başladı.

1934-cü ildə Baş Yol İdarəsinin müdiri Sultanov Həmid Həsən oğlu təyin edildi. Onun Baş Yol İdarəsinin müdiri kimi təyin edilməsi Azərbaycanın yol sahəsində inkişafının başlanğıcı kimi hesab olunur.

1937-сi ildə “Azqlavdortrans” ləğv olunaraq onun yerinə XDİK (Xalq Daxili İşlər Komissariatı) nəznində Şose Yolları İdarəsi yaradıldı.

Respublikada birinci asfalt-beton zavodu Sabunçu qəsəbəsində tikilmişdir. İlk dəfə olaraq Azərbaycanda yol-istismar sahələri təşkil olundu və ilk dəfə qara (bərk) örtüklü yolların tikilməsinin əsası qoyuldu.

1918-ci ildən başlayaraq yol təsərrüfatı sahəsində kadrların hazırlanılması start verildi. 1926-ci ildə bu proses daha da sürətləndi. Hazırlıq kursları Baş Şose Yolları İdarəsi tərəfindən həyata keçirilirdi, və hazır kadrlar sonradan bölgələrə göndərilirdi. Milli kadrlar ilə bərabər ruslar, ukraynalılar, gürcülər, türklər, qırğızlar və almanlar da kurslarda təhsil alırdılar.

Bu dövrdə, daha dəqiqi 1925-ci ildə Şəki-Qax-Zaqatala-Gürgüstan ilə sərhəd yolu üzərində məşhur Kiş köspüsünün tikintisinə başlanıldı. Körpüdə tikinti işləri 1932-ci ildə sona çatdı.

1940-ci ilin axırında Azərbaycan yollarının ümumi uzunluğu 11024 km təşkil edirdi. Bundan cəmi 49 km asfalt-beton, 14 km qara çınqıl örtüklü, 3000 km isə bərk örtüklü idi.

 

İkinci dünya müharibəsi dövründə və müharibədən sonrakı illər

1941-1950-ci illərdə, İkinci Dünya müharibəsi zamanı və müharibədən sonra yollarda genişmiqyaslı bərpa işləri aparılırdı. Çətin vəziyyətə baxmayaraq, yol işçiləri hərbçilərlə birgə maqistral yollara müasir ötrük döşəyirdilər. Həmin illər ərzində 919 km yola qara örtük döşəndi. Bundan əlavə yeni yollar da salındı.  

SSRİ-ni neftlə təmin edən Azərbaycanı Almaniya strateji cəhətdən çox əhəmiyyətli bir ölkə sayırdı. Düşmən üzərində qalib gəlmək üçün yol faktorunu vacib hesab edən Sovet hakimiyyəti Azərbaycanda Bakı-Ağstafa-Qazax-Gürcüstan sərhədi yolunun yenidən qurulması üçün sənədləşmə işlərinin başlanılması haqqında göstəriş verdi.

1944-cü ildə Dövlət Müdafiə Komitəsinin 8050 nömrəli qətnaməsi ilə Bakı-Ağstafa yolunun inşaat işləri Baş Yol İdarəsi nəznində olan 34 nömrəli Qırmızı Ordu İdarəsinə tapşırıldı. Sovet höküməti Bakı-Ağstafa yolunu hərbi məqsədlər üçün bərpa etsə də, bunun Bakı üçün müsbət amili var idi.

Alman işğalçılar Qroznı, Maykop və Tbilisiyə yaxınlaşdıqca tikinti işləri daha da sürətlənirdi. Həmin vaxt Bakı-Ağstafa ərazisində 157 dəmir-beton və metal boru quraşdırıldı, 555 daş və metal boru çəkildi və bərpa olundu, 202 ağacdan düzəldilmiş daş əsaslı körpü tikildi. 1945-ci ildə SSRİ Xalq Komissarları Şurasının 2829-816 nömrəli qətnaməsi əsasında Dövlət Hərbi Tikinti Komissiyası tərəfindən 461 km-lik Bakı-Ağstafa yolu tikilərək təhvil verildi.

Diqqətdə saxlanılan başqa bir yol Bakı-Astara yolu idi. Cəbhə ehtiyyacları üçün hərbi yüklərin Fars körfəzindən nəqlində bu yolun da əhəmiyyəti çox böyük idi. 1944-cü ildə Dövlət Müdafiə Komitəsinin 5275/C qətnaməsi ilə Bakı-Astara-İran sərhədi yolun bərpa olunması Qırmızı Ordunun Baş Yol İdarəsinə və Xalq Daxili İşlər Komissarlığına tapşırıldı.

1951-1960-cı illərdə müasir qudron və asfalt-beton örtüklü avtomobil yollarına keçmə prosesi baş verdi. Asfalt-beton örtüklü yolların uzunluğu 69 km təşkil etdi, qara-çınqıl yollarının uzunluğu isə 1107 km-dan 2847 km-a artdı. 1958-ci ildə yol mühəndisləri Ucar-Zərdab, Hacıqabul-Salyan yolları tikilərək təhvil verildi.

Respublika əhəmiyyətli yolların şəbəkəsinə yeni və bərpa olunmuş yollar daxil oldu. Misal olaraq Bakı-Dərbənd, Tərtər-Goranboy, Goran-Naftalan yollarını göstərmək olar. Xaçmaz-Xudat, Sabirabad-Saatlı, Ağsu-Kürdəmir, Gəncə-Daşkəsən, Ləki-Ağdaş, Gəncə-Göygöl, Prişib-Masallı yolları isə qara örtüklə əvəzləndilər.

1961-1970 illərində Azərbaycan avtomobil yollarının 13,400 km-ni bərk örtüklü yollar təşkil edirdi.

 

1970-1990-ci  illər

1971-1980-ci illərdə Azərbaycanda bütün xalq təsərrüfatının sahələri üzrə sürətli inkişaf baş verdi, kənd təsərrüfatının (xüsusən üzümçülük, pambıqçılıq, bostançılıq) və neft sənayesinin əmtəə dövriyyəsi artdı. Bu artım mövcüd olan avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi, yenidən qurulmasına ehtiyac yaradırdı. Qeyd olunmuş müddətdə yolların uzunluğu 1.2 dəfə, yük gərginliyi 1.5, hərəkətin intensivliyi isə 2 dəfə artdı.

1974-cü ildə mövcud olan Şose Yolları Baş İdarəsi (rus. Гушосдор) əsasında Avtomobil Yolları Tikinti və İstismar Nazirliyi (rus. Минстройавтодор Азерб. ССР) yaradıldı. Bu onillikdə yolların təmirinə və saxlanılmasına ayrılılan vəsaitlər 3.5 dəfə, kapital qoyuluşu isə 2.5 dəfə artdı. 1980-ci ilə qədər bütün dövlət əhəmiyyətli yollar asfalt-beton örtüyü ilə əvəzləndi.

Yol təsərrüfatında yüksək göstəricilərə nail olmaq yerli sənayenin inkişafı ilə mümkün oldu. Yol texnikasının təmiri ilə məşğul olan təcrübi-eksperimental "Dortexnika" (rus. Дортехника) zavodu istismara verild. Qazax rayonunda karxana çınqılı, yuyulmuş qumu istehsal edən Poylu Çınqıl zavodu tikildi. Yevlaxda isə bu zaman dəmir-beton tikinti zavodu fəaliyyət göstərirdi.

Avtomobil yollarının tarixində əhəmiyyətli yer tutan Azərbaycanın KPMK (Kommunist Partiyasının Mərkəzi Komitəsi) və Azərbaycan SSR-ın Nazirlər Sovetinin 259 nömrəli "Azərbaycan SSR-ın avtomobil yollarının tikintisi, təmiri və təminatını yaxşıllaşdırmaq üçün gələcək tədbirlər haqqında" qətnaməsi çıxarıldı. Bu qətnaməyə əsasən Avtomobil Yolları Tikinti və İstismar Nazirliyi 1981-1985 və 1986-1990 illərinə yolların keyfiyyətini Ümumittifaq dərəcəsinə çatdırmaq üçün xüsusi plan hazırladı. Bunun nəticəsində yenə də yollara kapital qoyuluşu xeyli artdı.

 

Son illər

Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsi keçmiş SSRİ-də və bütün dünyada XX əsrin 80-ci illərinin ortalarından başlayıb gedən ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv tarixi gerçəklik SSRİ kimi nəhəng bir dövlətin dağılmasına, dünyada "Qırmızı terrorçu" kimi ad qazanmış kommunist partiyasının tarixin səhifəsindən silinməsinə və nəticə etibarı ilə müstəqil respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxardı.

18 oktyabr 1991-ci ildə Azərbaycan öz Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını tərtib etdi. Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetməsi və Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi ilə 1920-ci ildə itirmiş olduğu müstəqilliyini bərpa etdi. Bununla da Azərbaycan tarixinin yeni bir dövrünə-müstəqil inkişaf dövrünə qədəm qoyuldu.

SSRİ dağıldıqdan sonra yaranmış müstəqil respublikalar, o cümlədən Azərbaycan ağır iqtisadi çətinliyə düşdülər. SSRİ-nin sərtləşdirilmiş vahid mərkəzi planlaşdırma sistemi pozuldu. Sənayedə, kənd təsərrüfatında və xalq təsərrüfatının başqa sahələrində istehsal prosesi aşağı düşdü, respublikalar arasında iqtisadi əlaqələr tamamilə kəsildi. Eyni zamanda Çeçenistanda baş verən qarşıdurmalar nəticəsində Azərbaycanın şimal qonşuları ilə, xüsusilə Rusiya ilə avtonəqliyyat əlaqəsi pozuldu. Naxçıvan Muxtar Respublikası bütünlüklə blokada vəziyyətində qaldı. Ermənistan silahlı qüvvələrinin xaricdən edilən köməkliklə başladığı elan olunmamış müharibə nəticəsində (1989-1993-cü illər) Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti bütünlüklə və ona bitişik 7 rayonumuz işğal olundu. Nəticədə Respublika ərazisinin 20%-i zəbt edildi və 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın, məcburi köçkün vəziyyətinə düşdü.

Respublikanın işğal olunmuş ərazilərində 2670 km avtomobil yolu, ümumi uzunluğu 3224 pm olan 160 müxtəlif tipli körpülər və çoxlu sayda yol texnikası: "Titan" asfaltdöşəyəni, "Komatso" buldozeri, "Baukema" ekskovatoru, "Teltomat" asfaltbeton zavodu, yüksək tonnajlı avtomaşınlar və başqa texnikalar qaldı.

SSRİ dövründə Respublikanın daxili avtomobil yolları SSRİ avtomobil yolları şəbəkəsinin tərkibində idi. Yolların saxlanmasından tutmuş tikintisinə qədər bütün görüləcək işlər Sovet dövlətinin normativ sənədləri əsasında hazırlanan cari və perspektiv planlar çərçivəsində maliyyələşdirilirdi. “Mərkəz”in razılığı olmadan hər hansı böyük körpü keçidinin və ya yüksək dərəcəli avtomobil yolunun tikintisinə icazə verilmirdi. Ümumiyyətlə, yol təsərrüfatının maliyyələşdirilməsi SSRİ Plan Komitəsinin təsdiq etdiyi proqram əsasında aparılırdı.

Respublikamız müstəqillik əldə etdikdən sonra avtomobil yollarının tikintisi, təmiri və saxlanması işlərinin maliyyələşdirilməsi bütünlüklə respublika büdcəsinin üzərinə düşdü.

Müstəqilliyimizin ilk illərində yaradılan "Azəravtoyol" İstehsalat Birliyində avtomobil yollarının tikintisi, təmiri və saxlanmasını yaxşılaşdırmaq istiqamətində bir neçə quruluş dəyişikliyi aparıldı. Məsələn, 1991-ci ildə Yol Təmir Tikinti Trestləri (YTTT) və İstismar Yol İdarələri (İYİ) ləğv olundu, onların bazasında Avtomobil Yolları İdarələri (AYİ) yaradıldı. Avtomobil Yolları İdarələri ölkənin ayrı-ayrı regionlarında yerləşdirilməklə həmin idarələrin hər birinin tabeçiliyində Yol Tikinti Sahələri, Yol İstismar Sahələri, Mexaniki Sahələr, Körpü Tikinti Sahələri, Yaşıllaşdırma Sahələri, Təmir-Tikinti Sahələri fəaliyyət göstərirdi.

1991-ci ildən başlayaraq avtomobil yollarının tikintisi, təmiri və saxlanması istiqamətində aparılan işlər əsasən mövcud yolların təmirindən ibarət idi. Əksər magistral yollarda yol örtüyünün təmirarası müddəti keçdiyindən, həmin yolların əsaslı təmirə böyük ehtiyacı var idi. Vəsait çatışmazlığı üzündən yol örtüklərinin əsaslı təmiri və ya yeni örtüklə əvəzlənməsi istiqamətində tələb olunan qədər işlər görmək mümkün olmurdu.

Bu müddət ərzində az miqdarda görülmüş işlərə misal olaraq 1991-ci ildə istifadəyə verilən Mixəkçay çayı üzərindən salınan uzunluğu 113.9 pm, 1993-cü ildə Salyanda Kür çayı üzərində salınan uzunluğu 332 pm, 1996-cı ildə Saatlıda Araz çayı üzərində salınan uzunluğu 238.4 pm olan körpüləri göstərmək olar.

Azərbaycan Respublikası Ali Sovetinin 1993-cü il yanvar tarixli fərmanı ilə "Azəravtoyol" IB-i ləğv olundu və onun bazasında "Azəravtoyol" Dövlət şirkəti (Dş) yaradıldı.

Maliyyə vəsaitinin çatışmazlığından yol örtüklərinin əsaslı təmiri və ya yeni örtüklə əvəz olunması istiqamətində görülən işlər tələbatı ödəmirdi, həmçinin yolların saxlanması, istismarı vəziyyəti aşağı səviyyədə idi. Respublikanın yol təsərrüfatında yaranmış vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 16 fevral 1994-cü il tarixli fərmanı ilə "Dövlət yol fondu"nun yaradılması haqqında qanunu təsdiq etdi.

Bu Qanun Azərbaycan Respublikasında ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin saxlanması və inkişafı üçün Dövlət yol fondu yaradılmasının ümumi hüquqi əsaslarını, bu fondun təyinatını, ondan istifadə edilməsini və fonda daxil olan vəsaitin mənbələrini müəyyənləşdirir.

"Dövlət Yol Fondu"nun yaradılması yol təsərrüfatının inkişafına güclü təkan verdi. Magistral yolların, böyük körpülərin bərpasına, mövcud yolların, körpülərin təmir olunmasına başlanıldı.

Avtomobil yollarının təmiri və saxlanması işlərinin maliyyələşdirilməsi 1997-ci ildən başlayaraq büdcədənkənar vəsait hesabına Maliyyə Nazirliyi tərəfindən aparılırdı. Respublikanın iqtisadi vəziyyəti ağır olduğundan Maliyyə Nazirliyinin hər il büdcədən ayırdığı vəsait hesabına yollarda yalnız cari və orta təmir işləri aparmaq mümkün idi. Əsaslı tikinti və əsaslı təmir işləri demək olar ki, tamamilə dayandırılmışdı.

Dövlət əhəmiyyətli avtomobil yollarının yol örtük tipinə görə istismar müddəti norma üzrə 16-18 il olmasına baxmayaraq, yollar 20-25 ildən artıq idi ki, istismar olunurdu. Texniki-iqtisadi göstəricilərinə görə bu yollar və körpülər beynəlxalq standartlardan xeyli geri qalırdı. XX əsrin 70-80-ci illərində Sovetlər Ittifaqının normativləri əsasında tikilmiş yollar və körpülər artıq istismar müddətini başa vurmuşdular. Bu yollardan keçən beynəlxalq tranzit yüklərinin ilbəil artımı və ağır yüklü avtonəqliyyat vasitələrinin sayının kəskin surətdə artması nəticəsində yol geyimində 60-70 % aşınmalar əmələ gəlmişdir. Köhnə normativlər (H-8, 10, 13 və HQ-60) üzrə tikilmiş körpü keçidləri bu gün hər biri 60 tondan artıq yük götürən ağıryüklü avtonəqliyyat vasitələrinin təsirinə davam gətirmirdi.

31 may 1996-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının Beynəlxalq Avtomobil Marşrutlarının 15 noyabr 1975-ci il tarixli Avropa razılaşdırılmasına qoşulması haqqında qanunu imzaladı. Bu razılaşdırmaya qoşulan hər bir Dövlət razılaşdırmanın bütün şərtlərinə əməl olunmasını öz üzərinə götürür, öz ölkəsi daxilində beynəlxalq avtomobil yollarının sxemini hazırlayıb razılaşdırmaq və təsdiq olunmaq üçün BMT-nin nəqliyyat üzrə Avropa İqtisadi Komissiyasına təqdim edir, bu yolların müvafiq beynəlxalq nömrəsi və indeksini əldə edir. Eyni zamanda ərazisindəki beynəlxalq avtomobil yollarını mərhələ üzrə Beynəlxalq standartların tələblərinə uyğunlaşdırmanı proqramlaşdırır.

Yuxarıda göstərilən problemləri həll etmək üçün 1998-ci ilin aprel ayında Cenevrə şəhərində BMT-nin nəqliyyat üzrə Avropa İqtisad Komissiyasının "Dəyirmi masa" arxasında görüşü keçirildi. Bu görüşdə Azərbaycan da daxil olmaqla, bütünlüklə Avropa dövlətlərində beynəlxalq avtomobil yolları marşrutlarının problemlərinə baxılmış, onlar razılaşdırılaraq Avropa sistemi üzrə beynəlxalq avtomobil yolları marşrutuna keçirilməsi, onlara müvafiq beynəlxalq indeks və nömrələrin verilməsi müəyyənləşdirilmişdir.

Respublika ərazisi Asiya regionuna daxil olduğundan onun üzərindən keçən avtomobil yolları A indeksi ilə işarələnirdi. Azərbaycan avtomobil yolları Avropa beynəlxalq yollar sisteminə daxil olduqdan sonra isə E indeksi ilə işarələnməyə başlandı.

Qərblə Şərqi birləşdirən Zaqafqaziyanın əsas avtomobil yolu marşrutu Avropa sistemi üzrə E-70 indeksi ilə beynəlxalq Avtomobil magistralına qəbul edildi. Bu marşrut başlanğıcını Ispaniyanın La Korunya ərazisindən götürərək Bakıya kimi keçdiyi məsafə aşağıdakı kimi verilmişdir:

E-70; La Korunya - Varna - Trabzon - Poti - Senaki - Tbilisi - Qazax - Yevlax - Qazıməmməd - Ələt - Bakı magistral yolu E-70 indeksindədir.

E-70 beynəlxalq avtomobil yolu marşrutunun Qara dəniz və Xəzər dənizindən başlayaraq Çin sərhədinə qədər uzadılması təklifi irəli sürüldü. Bu marşrutun Asiya qitəsi ərazisindən keçməsinə baxmayaraq Azərbaycan nümayəndələrinin bu təklifi Komissiya tərəfindən qəbul edildi və BMT-nin nəqliyyat üzrə Iqtisad Komissiyasının 30 aprel 1998-ci il tarixli protokoluna 6-cı bənd kimi daxil edildi. Bu marşrutun keçdiyi məsafə aşağıdakı kimi verilmişdir:

Poti - Senaki - Tbilisi - Qazax - Yevlax - Qazıməmməd - Ələt - Bakı - Türkmənbaşı - Aşqabad - Maria - Cardcoy - Buxara - Səmərqənd - Qazax - Daşkənd - Çimkənd - Cambul - Bişkek - Almata - Xarqos - Çin sərhədi.

Faktiki olaraq BMT-nin nəqliyyat üzrə Avropa Iqtisad Komissiyası tərəfindən Avropa beynəlxalq avtomobil yol marşrutu sisteminə daxil edilən yeni E-70 avtomobil yolunun marşrutu bütünlüklə Qədim Ipək yolunun üstünə düşdüyündən "Böyük Ipək Yolu" müasir beynəlxalq avtomobil magistralı kimi təkrar olunur.

1998-ci il sentyabr ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakı şəhərində tarixi "Böyük Ipək Yolu"nun bərpası üzrə beynəlxalq konfrans keçirildi. Burada imzalanan sənədlər böyük siyasi və iqtisadi əhəmiyyət kəsb etməklə, Avropa-Qafqaz-Asiya dəhlizində yerləşən ölkələrin inkişafına, onların təbii ehtiyatlarının dünya bazarına çıxarılmasına, iqtisadi potensiallarından daha səmərəli istifadə olunmasına, ölkələrarası ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin yaratmış oldu.

Hazırda Trans Qafqaz avtomobil dəhlizinin bərpası ilə bağlı Avropa-Qafqaz-Asiya "Böyük Ipək Yolu"nun Respublika ərazisindən keçən hissəsinin, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidənqurulması prosesi həyata keçirilir. Bu istiqamətdə işlər artıq tamamlanmaq üzrədir. Avtomobil yollarının yenilənməsi, yenilənməylə paralel olaraq yollarda sürətin artması təbii ki, birbaşa olaraq istər daxili və beynəlxalq, istərsə də tranzit yüklərin avtomobil yolları ilə daha rahat şəkildə daşınmasına və bununla da yükdaşımanın artmasına səbəb olur. Yükdaşımanın artması bu sahədən  gə­lən gə­lirlərin, döv­lət büd­cə­si­nə da­xil olan və­sa­i­tin həc­minin artmasına və nəticədə döv­lət büd­cə­si­nin in­ki­şa­fı­na gətirib çıxarır.

M - hərfi ilə milli dövlətlərarası nəqliyyat əlaqələrini təmin edən və Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini Azərbaycan Respublikası ilə həmsərhəd ölkələrlə birləşdirən ümumi istifadədə olan avtomobil yolları (magistral avtomobil yolları) indeksləşdirilir;
R - hərfi ilə respublikanın şəhər və rayonları və bir-biri ilə birbaşa birləşdirən və M kateqoriyasına daxil olmayan ümumi istifadədə olan avtomobil yolları indeksləşdirilir.

Nazirlər Kabinetinin 24 yanvar 2000-ci il tarixli 8 saylı qərarına əsasən "Azəravtoyol" Dş-nin yeni quruluşu təsdiq olundu. "Azəravtoyol" Dş-nin tabeçiliyində olan baş idarələrin, həmçinin 218 ədəd idarə və müəssisələrin əvəzinə birbaşa şirkətin tabeçiliyində olan 73 struktur vahidi təsdiq olundu.

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2000-ci il tarixli 299 saylı fərmanı ilə "Azərbaycan Respublikasının avtomobil yolları haqqında" qanun qüvvəyə mindi. Bu Qanun Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurguların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir.

Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" Departamentləri yaradılmışdır.

Azərbaycan Respublikası prezidentinin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 22 fevral 2007-ci il tarixli sərəncamına əsasən isə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

2016-cı ili “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti üçün yeni dövrün başlanğıcı kimi xarakterizə etmək olar. Özü də müstəqil bir cəmiyyət kimi. Çünki Azərbaycan prezidenti İlham Əliyev “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması barədə 28 dekabr 2015-ci il tarixində sərəncam imzaladı.

Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 09 mart 2016-cı ildə imzaladığı fərmanla isə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı.

Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində sistemli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə yerli və xarici investisiyalar üçün əlverişli şərait yaradılmış, iqtisadiyyatın strukturu təkmilləşdirilmiş, investisiya qoyuluşları və irimiqyaslı infrastruktur layihələri reallaşdırılmışdır.

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermişdir. Son illərdə ölkədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilmişdir.

Görülmüş tədbirlər nəticəsində ölkədə yol infrastrukturu daha da yaxşılaşdırılmış və beynəlxalq standartlara uyğunlaşdırılmış, yol qovşaqları, körpülər tikilib təmir edilmiş və digər modernləşdirmə işləri aparılmışdır.

Qeyd olunan işlərin həyata keçirilməsi avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarətin təmin edilməsi ilə bağlı dövlət siyasətinin və tənzimləməsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində islahatların davam etdirilməsini zəruri edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin avtomobil yolları sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, həyata keçirilən işlərin səmərəliliyini artırmaq və sistemliliyini təmin etmək məqsədi ilə 18 oktyabr 2017-ci il tarixli 1638 nömrəli Fərmanı ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti“ ləğv edilərək publik hüquqi şəxsə çevrilmə yolu ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli 3528 nömrəli Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılması aparılan yol-tikinti, təmir və yenidənqurma işlərinin sürəti, yüksək keyfiyyət göstəricisi respublikada avtomobil yolları şəbəkəsinin Avropa standartları səviyyəsinə qalxmasına güclü təkan verib. Respublikada yol infrastrukturu da daxil olmaqla ölkə həyatının bütün sahələrini əhatə edən yeniləşmə və müasirləşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir.

Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət dayanır. “Yol - mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir” - ulu öndərin bu sözləri onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində yol infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir.

Bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub. 

2003-2021-cı illər ərzində Bakı şəhərində:
-    83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib.
-    99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib. 
-    2010.5 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib. 

Kəndlərarası avtomobil yolları:
         2003-2021-ci illər ərzində 6.2 milyon nəfər əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5.1 min km uzunluğunda avtomobil yolu tikilib,  yenidən qurulub və təmir olunub.  

2003-2021-ci illər ərzində respublika ərazisində:
-    19.2 min km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib. 
-    460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli  tikilib,  95-i isə təmir edilib.

1 yanvar 2021-ci il tarixinə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, bu gün artaraq 935.5 km olub.