Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolu yenidən qurulub VİDEO/FOTO

12 Sentyabr 2022- 11:41

2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.

Qala-Pirallahı avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5.2 km, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.   

Yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınması, yol əsasının inşası və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi, yol birləşmələrinin bərpası, yol çiyinlərinin bərkidilməsi işləri aparılıb.


Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1.5 metr enində çiyinlərin, 1580 metr yeni səki daşlarının tikintisi, 2745 kv.m səkinin bərpa olunması işləri görülüb.

Ümumilikdə 49500 kv.m ərazidə təmir aparılıb.

Son mərhələdə yolboyu normal və təhlükəsiz hərəkətin təmin edilməsi üçün yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq, zəruri yerlərdə yol nişanları quraşdırılaraq yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 15.4 km küçə və yolun təmiri işləri davam etdirilir. 

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub. 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

 

YOLUNUZ AÇIQ OLSUN...