Müasir görkəmi ilə seçilən daha bir piyada keçidi inşa edilib

30 Mart 2021- 12:40
11 Müasir görkəmi ilə seçilən daha bir piyada keçidi inşa edilib

Ölkə başçısının tapşırığına əsasən, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Tədbirlər planına uyğun olaraq avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi daha bir yolda, Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib. ​

 

Sözügedən ərazidə, yolun hər iki  tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcəkdir.

 

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. 

 

Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

 

Piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.

 

Qeyd edək ki, 2020-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında  və Bakı şəhərində 9  piyada keçidi tikilərək istifadəyə verilib.