Zirə qəsəbəsinin “Qoşa qışlaq” yaşayış massivinin yolları yenidən qurulur

30 Aprel 2019- 13:27
11 Zirə qəsəbəsinin “Qoşa qışlaq” yaşayış massivinin yolları yenidən qurulur

Prezident İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırıq və sərəncamlarına uyğun olaraq hazırda Xəzər rayonunun Zirə qəsəbəsinin “Qoşa qışlaq” yaşayış massivinin 1.5 km uzunluğunda olan yollarında isə təmir-tikinti işləri davam etdirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bura 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2.5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edəcək.

 

Layihə çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının  deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası aparılacaq. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Daha sonra isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışıqlarından yeni asfalt-beton örtüyü salınacaq, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək.

 

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilərək yollar vətəndaşların istifadəsinə veriləcək.

 

Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazidə yaşayan 2 minə yaxın əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.