Salyan-Şirvan avtomobil yolunun 6 km-lik hissəsi hazırdır - VİDEOREPORTAJ / FOTO

30 Mart 2017- 00:00
11 Salyan-Şirvan avtomobil yolunun 6 km-lik hissəsi hazırdır - VİDEOREPORTAJ / FOTO

 

          İstismar müddəti bitmiş olan respublika əhəmiyyətli Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir.

 

          Hazırda  sözügedən ərazidə yol əsasının tikintisi işləri aparılır.

 

          Tikinti işlərinin aparıldığı hissədə yararsız qrunt qazılaraq çıxarılıb və əvəzinə qum çınqıl- qarışığından ibarət  xüsusi material tökülərək kipləşdirilib, yeni yol əsası tikilir.


          Uzunluğu 31 km, yol yatağının eni 13-15 metr  olan yol  II texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidən qurulan yolun hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Yol yatağının eni 15 metr təşkil edən ərazidə isə çiyinlərin eni  hər iki istiqamət üzrə 3 metr olacaq.

 

          Artıq yolun 6 kilometrdən çox hissəsində əsaslı tikinti işləri həyata keçirilib və asfalt-beton örtüyü çəkilib.

 

          Ümumilikdə isə tikintisi işləri çərçivəsində 300 min m2 sahəyə 3 qat olmaqla 25 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağırtonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. 

 

          Layihəyə uyğun olaraq  yola  25 ədəd  uzunluğu 15 və diametri 1 metr  dəmir borular və 1 ədəd suötürücü qurğu da quraşdırılacaq.  Daha sonra zəruri olan hissələrində  362 ədəd yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırlacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

 

          Qeyd edək ki, respublika əhəmiyyətli yolun “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.