AAYDA-da Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

28 Sentyabr 2026- 18:00
11 AAYDA-da Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

28 sentyabr 2026-cı il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirli, Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Saşa Beyks və Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə nəqliyyat sahəsinin rəhbəri Şomik Mehndiratta iştirak ediblər.

Görüş zamanı yol infrastrukturu sahəsində əməkdaşlığın perspektivləri, Agentliyin institusional inkişafı və ortamüddətli strategiyasının həyata keçirilməsi, müasir yol idarəçiliyinin inkişaf etdirilməsi, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, eyni zamanda, M3 Ələt–Astara avtomobil yolunun Biləsuvar–Astara hissəsi üzrə perspektiv layihə ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın və dialoqun davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.