Körpü və yolötürücülərində instrumental müayinələr davam etdirilir. Cari ilin may ayında AAYDA tərəfindən paytaxtda yerləşən 66 körpü və yolötürücüsünə vizual baxış keçirilib, onların mövcud vəziyyəti qiymətləndirilib. Baxışların nəticələrinə əsasən, 13 mühəndis qurğusunun daha ətraflı instrumental müayinəyə cəlb olunması qərara alınıb.
Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə müqavilə imzalanıb. Artıq bir neçə körpü və yolötürücüsündə müayinələr aparılıb, digərlərində isə işlər mərhələli şəkildə davam etdirilir.
Xüsusi cihazlarla həyata keçirilən müayinələr daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini müəyyənləşdirməyə, eləcə də vizual baxış zamanı görünməyən mümkün qüsurları dəqiq qiymətləndirməyə imkan verir. Nəticələr əsasında hər bir qurğunun faktiki texniki vəziyyəti müəyyən ediləcək, zərurət yarandığı halda təmir-bərpa və gücləndirmə tədbirləri planlaşdırılacaq.
Bu müayinələr körpü və yolötürücülərinin etibarlı istismarına, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.