Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi partiya təşkilatının iclası keçirilib. Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, partiya üzvləri və əməkdaşlar iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib.
İclasda əvvəlcə Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Vüsal Nəsirli Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrdən və Agentlikdə partiya fəaliyyətinin əhəmiyyətindən danışıb. O, ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, gənclərin fəallığının artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqinin qarşıdakı dövr üçün əsas prioritetlərdən olduğunu vurğulayıb.
Gündəliyə uyğun olaraq keçirilən səsvermənin nəticələrinə əsasən Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi partiya təşkilatının sədri, Agentliyin Hüquqi təminat departamentinin müdiri Fərhad Ələkbərov isə sədr müavini seçilib.
Yeni seçilmiş sədr Tural Mailov göstərilən etimada görə təşəkkürünü bildirərək, fəaliyyətini partiyanın proqram və nizamnaməsinə uyğun quracağını, Binəqədi rayon təşkilatı ilə sıx əməkdaşlıq şəraitində təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində çalışacağını qeyd edib.
Tədbirin sonunda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov yeni seçilən rəhbərliyi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və qarşıda duran vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib. İclasda gündəlikdə duran məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.