Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.
İclasda çıxış edən Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin hərtərəfli inkişafının əsasını təşkil etdiyini bildirib.
Qərargah rəhbəri vurğulayıb ki, Böyük Qayıdış prosesi milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi, sosial və institusional sisteminə tam inteqrasiyasını nəzərdə tutur. Ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində zəruri infrastruktur qurulub.
Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir və hazırda Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması istiqamətində intensiv iş aparılır.
İclasın yekununda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə inteqrasiyasının sürətləndirilməsinin, Böyük Qayıdış prosesinin dayanıqlılığının təmin olunmasının və əhalinin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb.