İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, turizm potensialının artırılması, daxili yol şəbəkəsinin şaxələndirilməsi və strateji ərazilər arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi məqsədilə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu inşa olunub.
Mövcud Zəfər yoluna alternativ olaraq tikilən bu avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsinin tərkibinə daxil olmaqla xüsusi strateji əhəmiyyət daşıyır.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli avtomobil yolu statusu alıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yol mövcud olduqda, vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli yol istifadəyə verilə bilər. Bu istiqamətdə Zəfər Yolu ödənişsiz alternativ yol hesab olunur.
Yeni yol alternativ marşrutla müqayisədə 19,7 kilometr daha qısadır və burada icazə verilən sürət həddi daha yüksəkdir. Bu isə sürücülərə həm vaxta, həm də yanacaq sərfiyyatına qənaət etmək imkanı yaradır.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd magistral avtomobil yolundan başlayaraq Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Tarif (qiymət) Şurasına müraciəti əsasında yeni yaradılmış avtomobil yolunun 81,3 kilometrlik hissəsi üzrə gediş tarifləri müəyyən edilib.
Müəyyən edilmiş tariflərə əsasən, 1 kilometr üçün ödəniş məbləğləri ƏDV daxil olmaqla aşağıdakı kimidir:
• Minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtomobilləri üçün – 8,6 qəpik (bütün marşrut üzrə 6 manat 99 qəpik);
• Kütləsi 3,5 tondan yuxarı olan yük avtomobilləri və digər maşın-mexanizmlər üçün – 10,6 qəpik (bütün marşrut üzrə təxminən 8 manat 62 qəpik);
• Avtobuslar üçün – 7,1 qəpik (bütün marşrut üzrə 5 manat 77 qəpik);
• Qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələri üçün – 17,7 qəpik (bütün marşrut üzrə 14 manat 39 qəpik).
Bundan əlavə, motosikletlər üçün 1 kilometr üzrə gediş haqqı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda isə 5 qəpik olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, yeni tariflərə dair qərar 2 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.