Ermənistan sərhədinə gedən yolun hazırlığı təxminən 95 faizdir... VİDEO

6 Yanvar 2026- 16:49

Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq.

O ki qaldı yolun qalan hissəsinə, burada biz xarici investorları da dəvət edirik, kim istəyir sərmayə qoysun. Bu sahəni də xarici investisiyalar üçün açıq etmişik. Beləliklə, bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq və bayaq qeyd etdiyim kimi, həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi – bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur.


Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən.
05 yanvar 2026