Bax, indi Kəlbəcər dağlarından elektrik xətləri çəkmək özlüyündə bir qəhrəmanlıqdır, özü də ağır hava şəraitində yollar, körpülər, misalçün, 70 kilometr uzunluğunda tunellər inşa edilir. Onların böyük əksəriyyəti başa çatıb. İlk növbədə, bu bölgə dəmir yolları - Bərdə-Ağdam, indi Ağdam-Xankəndi, avtomobil yolları, magistral, - yəni Zəngəzur dəhlizi öz yerində, - amma, eyni zamanda, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər bir-biri ilə bağlı olmalı idi. Mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim. Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, - tunel tikilənə qədər o yoldan istifadə edirdik, - ona bənzər ola bilər. Yəni indi bu dördzolaqlı körpülərlə, tunellərlə təmin olunan yollar - bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o biri yerdə işləyə bilsin. Misalçün, Xankəndi-Şuşa məsafəsi o qədər də böyük deyil. Amma yenə də bu məsafəni daha da qısaltmaq üçün o yol boyunca tunel tikirik. Ya da ki, Şuşa-Laçın, o məsafəni də indi 40 dəqiqəyə getmək olar. Amma bu, yeni tunellərlə, yolların genişləndirilməsi ilə 20-25 dəqiqəyə düşəcək. Yəni imkan verəcək ki, mobillik artsın, o cümlədən Ağdamda yaşayan Şuşada gedib işləyəcək və əksinə.
Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq. Hamımız yaxşı bilirik ki, insanlar adətən yaşadıqları bölgələrdə yaşayırlar. Ancaq o bağlantılar - dəmir yolu, avtomobil yolları olan zaman, gələcəkdə hava yollarının istifadəsi ilə insanlar da ölkə daxilində miqrasiya edə bilərlər. Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün, məsələn Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən.
05 yanvar 2026