Salyan və Neftçala rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO

19 Dekabr 2025- 13:12

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Salyan rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda  Salyan və Neftçala  rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
 
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.