Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

24 Oktyabr 2025- 12:52
11 Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmiri ilə bağlı

Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2025-ci il