Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO

1 Avqust 2025- 13:20

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağsu rayonunda vətəndaşları qəbul edib. 

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən  Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra Yeni Azərbaycan Partiyasının  Ağsu rayon təşkilatının inzibati binasında keçirilən qəbulda Ağsu və İsmayıllı  rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.