Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam edir.
Bu çərçivədə hazırda təmir işləri Nəsimi rayonu, 28 May küçəsində aparılır.
Sözügedən küçənin asfalt-beton örtüyündə müəyyən çat və qabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunan təmir işləri bu problemin aradan qaldırmasına yönəldilib.
Təmir işləri küçənin K.Səfərəliyeva - Puşkin küçələri arasında yerləşən təqribən 500 metrlik hissəsində aparılır. Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda frezlənmiş hissəyə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunur.
Növbəti mərhələdə təmir işləri 28 may küçəsinin Puşkin - R.Behbudov küçələri arasında yerləşən hissəsi üzrə aparılacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yağış barmaqlıqlarının və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.
Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...