Qubadlı-Eyvazlı avtomobil yolunun inşası yüksək keyfiyyətlə davam etdirilir VİDEO/FOTO

28 İyun 2024- 09:04

Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.

28,5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qubadlı rayonunda çətin relyefə malik dağlıq ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca aparılan geniş miqyaslı tikinti işləri uğurla və yüksək keyfiyyətlə davam etdirilir. 

“Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi” layihəsinə uyğun olaraq çətin relyefli dağlıq ərazilərdə öncə servis yolları salınır, daha sonra xüsusi texnikaların köməyi ilə pnevmatik çəkiclərdən istifadə edilməklə qırıcı üsulu ilə qaya süxurları dağıdılaraq yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir. 

Digər ərazilərdə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün qazma, əks dolğu, dağ yamaclarının kəsilərək və layihə səviyyəsinə gətirilərək yeni yol yatağının inşası icra olunur. Yol yatağının profilə salınması və dolğu işləri artıq son mərhələ üzrə aparılır. 
“İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yol əsasının tikintisi istiqamətində işlər aparılır. Lazımi qruntdan istifadə olunmaqla lay-lay kipləşdirilən yol əsasının tikintisi artıq yekunlaşmaq üzrədir. 

Qeyd edək ki, yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. 3 laydan ibarət olacaq asfalt-beton örtüyünün 250 min kv.metrdən çox əraziyə döşənməsi nəzərdə tutulub.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik 91 dairəvi boru quraşdırılıb. Dağlıq relyef nəzərə alınaraq, suötürücü boruların diametri 1250 mm və 1500 mm təşkil edir. Bundan başqa layihə boyunca 16 km uzunluğunda drenaj sistemi də inşa edilir.

Layihə üzrə zəruri yerlərdə düzbucaqlı su keçidləri, yolun 9-cu kilometrində 6x12 m 24-cü kilometrində 5x12 m ölçülərində körpü tipli müxtəlif təyinatlı düzbucaqlı alt keçidləri, yolun 2,5-ci kilometrində 122.4 metr uzunluğa malik 4 aşırımlı 21-ci kilometrində 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüləri, həmçinin 1 qovşaq da inşa olunub. 

Layihə üzrə ümumilikdə görülmüş işin fiziki tərəqqisi 75% təşkil edir.

Xüsusi texnikalardan istifadə olunmaqla görülən işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımı sayda texnika və canlı qüvvə cəlb edilib.

Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...