Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır

19 Aprel 2024- 16:03
11 Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.

Bu çərçivədə öncədən də məlumat verildiyi kimi bu gün səhər saatlarından etibarən Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işlərinə başlanılıb.

Təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılır.

Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı. 

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən bu gün ərzində qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.  

Sabahdan etibarən isə yola yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Buna görə də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkətin tam məhdudlaşdırılması nəzərdə tutulur.

Sürücülər alternativ olaraq Sumqayıt yolundan birbaşa Bakı Dairəvi avtomobil yoluna daxil olub hərəkətlərinə davam edə bilərlər.

 Asfaltlanma işləri bitəndən sonra yola üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq.

Təmir işlərinin 21 aprel saat 22:00-dək yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 
YOLUNUZ AÇIQ OLSUN...