Şabranda 11.5 km uzunluğa malik avtomobil yollarının əsaslı təmirinə başlanılıb VİDEO/FOTO

13 Fevral 2024- 09:10

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 4 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci km-dən ayrılan Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmirinə start verilib. 
 

Uzunluğu 11.5  kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
 
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur.
 
Layihə üzrə yolun “Xan arxı” kanalı üzərində körpünün cari təmiri də nəzərdə tutulub. 
 
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Bütün işlər  tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
 
 YOLUNUZ AÇIQ OLSUN...