Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidinin inşası davam edir

2 Fevral 2024- 14:46
11 Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidinin inşası davam edir

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır. 

Bu istiqamətdə Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidinin inşası davam edir. 

Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr təşkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarətdir. 

İki giriş-çıxışdan ibarət olan keçiddə beynəlxalq standartlara uyğun piyada pandusları quraşdırılıb.

Hazırda keçid fasadının üzlənməsi həyata keçirilir və keçidin ətrafında abadlaşdırma işləri aparılır. 

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi də nəzərdə tutulub. 

Qeyd edək ki, keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri də  quraşdırılacaq. 

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.


YOLUNUZ AÇIQ OLSUN..