M3 magistral avtomobil yolunda yenidənqurma işləri davam edir VİDEO/FOTO

17 Yanvar 2024- 10:03

M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması davam edir.

2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, torpaq yatağının eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və avtomobil körpülərinin tikintisi davam etdirilir.

Hazırda layihə çərçivəsində torpaq işləri, kipləşdirmə işləri görülür, yol yatağı hazır olan hissələrdə yol əsasının inşası aparılır. Yol əsası hazır olan hissələrdə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 

Bununla yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü dairəvi və düzbucaqlı borular inşa edilir. Artıq 52 suötürücü borunun tikintisi yerinə yetirilib. Layihə üzrə 7 körpünün inşası da davam edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə də əsaslı təmir işləri aparılır.

Uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 12 metrə qədər genişləndirilir. 

Hazırda hissə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. 

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur. Layihə üzrə artıq 28 suötürücü borunun tikintisi yekunlaşıb. 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq. 


YOLUNUZ AÇIQ OLSUN...