Gədəbəydə 45 km uzunluğa malik avtomobil yolları əsaslı təmir olunur VİDEO/FOTO

9 Yanvar 2024- 11:03


Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda 17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmirinə start verilib. 

Uzunluğu 45 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.  Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 8-9 metrə qədər genişləndirilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. 

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunacaq.

Layihə çərçivəsində yolboyu 5 körpünün inşası nəzərdə tutulub. 

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 
YOLUNUZ AÇIQ OLSUN...