Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunur VİDEO/FOTO

28 Dekabr 2023- 09:46

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-cü ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparılır. 
 
Təmir işləri küçənin Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissəsində icra olunur. Sözügedən hissənin uzunluğu 660 metr, ortalama eni 13.5 metr təşkil edir. 
 
Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyü döşənib. Hazırda küçəboyu mövcud piyada səkilərinin bərpası işləri aparılır.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub. 
 
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. 
 
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunur.
 
İşlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. 
 

YOLUNUZ AÇIQ OLSUN...