AAYDA-nın əməkdaşları ANAMA-nın təlimində iştirak edib

30 Dekabr 2023- 09:19
11 AAYDA-nın əməkdaşları ANAMA-nın təlimində iştirak edib

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə cəlb edilən, eyni zamanda Ermənistanla həmsərhəd rayonlarda yerləşən, habelə mina və partlamamış hərbi sursatların qalıqlarının olması ehtimalı olan digər ərazilərdə işlər görən tabeli qurumların işçi heyəti tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, onların mina hadisəsindən qorunması, partlayıcı sursatlarla bağlı risklərin azaldılması üçün zəruri tədbirlərin görülməsi məqsədilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Təlimilərin təlimi” formatında "Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə" təlimi keçirilib.
 
Təlimlər 30 nəfər təlim iştirakçısı üçün Göygöl “Olimpiya İdman Kompleksi”ndə və 130 nəfər təlim iştirakısı üçün isə Bakı şəhərində Avtomobil Yollarının Mühafizə Xidmətinin akt zalında təşkil edilmişdir.

Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. 
 
Təlim iştirakçıları əyani vəsaitlərlə təmin edilib.
 
Bundan başqa, iştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini əks etdirən maarifləndirici və xəbərdaredici broşürlər və posterlər, eləcə də əsas təhlükəsizlik qaydalarına dair plakatlar təqdim olunub.