Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib

11 Dekabr 2023- 15:28
11 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Birinci katibi, İqtisadi və iqtisadi-əməkdaşlıq şöbəsinin rəhbəri Amada Şuniçinin iştirakı ilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib.

Görüşdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri qonağa Agentliyin fəaliyyəti, strukturu, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlar üzrə yerləşən avtomobil yollarının təmiri işlərinin uğurla həyata keçirildiyi qeyd edilib.

Bildirilib ki, Proqram üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz üzərinə düşən tədbirləri demək olar ki, tam şəkildə yerinə yetirərək, cari ilin doqquz aylıq hesabatını nəzərə alaraq ümumilikdə 4564.1 kilometr yerli və respublika əhəmiyyətli avtomobil yolları əsaslı təmir olunmuşdur.

Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq ödənişli yol, o cümlədən Qarabağ və Şərqi Zəngəzur İqtisadi regionları ərazisində icra olunan yol infrastrukturu layihələrinin əhəmiyyətini qeyd etmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ilkin mərhələdə proqram üzrə işğaldan azad olunmuş ərazidə 2453.9 km avtomobil yolunun bərpası və yenidən qurulmasının nəzərdə tutulduğu, bundan 185.5 kilometrində işlərin artıq başa çatdığı qonağa bildirilmişdir.

Görüşdə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, görüşdə Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin Regional və yerli əhəmiyyətli avtomobil yollarının istismarı və təmiri şöbəsinin rəisi İlham Süleymanov, şöbənin baş mütəxəssisi Fərid Yusubov və Agentliyin Aparatının Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin baş mütəxəssisi Rəşad Ələkbərov iştirak etmişdir.