Balaxanı yolu təmir olunaraq yeni görkəm aldı

24 Avqust 2015- 00:00
11 Balaxanı yolu təmir olunaraq yeni görkəm aldı

           Uzun müddətdir təmir olunmayan Balaxanı yolu tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Burda təmir işləri “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində aparılıb.

         Balaxanı yolunda aparılan təmir işləri şəxsən “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq qısa müddət ərzində yekunlaşdırılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə səfərbər olunmuşdu. Yolda nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılıb.

         Ümumilikdə sözügedən yolun 4 kilometrlik hissəsinin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra yola 30 min kvadrat metr yeni asfalt-beton örtüyü döşənib. Nəticədə uzun müddətdir ki, təmir olunmadığı üçün sıradan çıxmış yol tam yeni görkəm alıb. Hazırda nəqliyyat vasitələri rahat şəkildə bu yolda istifadə edə bilirlər.

        “Azəryolservis” ASC tərəfindən təmir işləri Mehdiabad qəsəbəsinin giriş hissəsində də aparılıb. Bu ərazidə də yolun hərəkət hissəsi uzun müddətdir ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Balaxanı və Binəqədi yollarının, Mehdiabad qəsəbəsinə şəhərdən gələn yolun və qəsəbənin daxili yolunun birləşdiyi hissədə 5 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bununla da sözügedən ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.