Respublika əhəmiyyətli Kərimli avtomobil yolunun Oğuz hissəsi yenidən qurulub VİDEO/FOTO

21 İyun 2023- 12:14

M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən ayrılan respublika əhəmiyyətli Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işləri yekunlaşıb.

Sözügedən hissənin uzunluğu 10 km-dir və III texniki dərəcəyə uyğun olaraq yendən qurulub. Müvafiq olaraq yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edir. 

Əsasən yararsız asfalt və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. 
 
Layihə çərçivəsində torpaq işləri, yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunub, yeni yol yatağı inşa edilib, asfalt-beton örtüyü döşənib.
 
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.
 
Layihə üzrə Sarısu çayı üzərində 30 metrlik körpünün təmiri də icra olunub. 
 
Qeyd edək ki, M5 (17) - Kərimli avtomobil yolunun 21 km uzunluğa malik Şəki rayonu ərazisinə aid hissəsində aşınma qatının yenilənməsi işləri aparılıb. Sözügedən hissə 2018-ci ildə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tərkib hissəsi kimi yenidən qurulub. 
 
Sözügedən yolda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunub. 
 
Yolboyu paralel olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.
 
 YOLUNUZ AÇIQ OLSUN...