Salyan rayonunda avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamı

20 Aprel 2023- 16:25
11 Salyan rayonunda  avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında

Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını 16 min nəfər əhalinin yaşadığı Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2023-cü il