Az    |     Ru    |     En
      

           “Azəryolservis” ASC nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək üçün bir müddətdir ki, başladığı kompleks tədbirləri davam etdirir. İstər küçə və prospektlərin, avtomobil yollarının təmir edilməsi, yeni yolların salınması, istərsə də tıxacların aradan qaldırılması üçün atılan müəyyən addımlar kompleks tədbirlərlərin tərkib hissəsidir.

           Bu dəfə cəmiyyət tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, daha dəqiqi “Sulu təpə dairəsi”ndə tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün əlavə tədbirlər görülüb. Belə ki, bundan öncə dairəyə Şamaxı istiqamətindən daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətlərinə davam edə bilirdilər. Bu isə həmin istiqamətdə tıxacın yaranmasına səbəb olurdu. İndi isə həmin istiqamətdən gələn nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Digər istiqamətdən daxil olan nəqliyyat vasitələri isə gözlədikdən sonra yollarına davam edirlər. Bunun üçün dairədə artıq müvafiq yol nişanları da quraşdırılıb.

           Bundan başqa dairəyə daxil olan yollarda genişləndirmə işləri də həyata keçirilib. Yolun kənarlarında yerləşən və səki daşları ilə əhatə olunmuş təhlükəsizlik adacıqları kiçildilib. Nəticədə yolun hərəkət hissəsi 3-3,5 metr genişlənib. Dairəni keçməklə Şamaxı istiqamətinə doğru olan yolun kənarında olan əyri xətli dəmir tirlər də kəsilərək, götürülüb. Nəticədə bu istiqamətdə də yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişlənib.

           “Sulu təpə dairəsi”ndə tıxacların aradan qaldırılması üçün atılan addımlardan başqa dairəyə daxil olan yollarda deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpa edilməsi işləri də aparılıb. Köhnə asfalt-beton örtüyü qaşınaraq, daşınıb və həmin hissələrə yeni asfalt örtüyü döşənib. Həmçinin əyilmiş, sıradan çıxmış əyri xətli dəmir tirlər yeniləri ilə əvəzlənib.

Bir sözlə “Azəryolservis” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də nəqliyyat vasitələrinin hərəkətində edilmiş müəyyən dəyişikliklər bu ərazidə nəqliyyat axınına müsbət təsir edərək, nəqliyyat sıxlığının azalmasına səbəb olub.


28.08.2015

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin