Talış-Tapqaraqoyunlu-Qaşaltı yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir VİDEO/FOTO

27 İyul 2022- 10:10

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu uzunluğu 22 kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək. 

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 15 və 10 metr təşkil edəcək.

Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 km-lik hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik yeni suötürücü boruların, düzbucaqlı keçidlərin inşası işləri icra olunub. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola alt qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. 

Hazırda yolun İncəçaydan sonra Qaşaltı Qaraqoyunlu kəndinə doğru, 9-22-ci km-lik hissəsində sadalanan işlərin icrası davam etdirilir. Bu çərçivədə yeni yol yatağı inşa edilib, hazırda yol əsasının tikintisi  davam etdirilərək yeni asfalt-beton örtüyünün döşənməsinə hazırlıqlar görülür.

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 84 metr uzunluğa malik avtomobil körpüsünün tikintisi davam etdirilir. Körpü 3 aşırımlı olmaqla inşa edilir və eni 14.5 metr təşkil edəcək. Artıq ərazidə qazma svay bərkitmə işləri icra olunub, körpünün bünövrədayaqları inşa edilib. Hazırda körpünün aşırım tirlərinin quraşdırılmasına hazırlıq işləri görülür. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.

Layihənin sonuncu mərhələsində zəruri olan ərazilərdə yol kənarlarında beton küvetlərin inşası, avtobus dayanacaqlarının, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcəkdir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...