Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdəki yol layihələrinə baxış keçirib VİDEO/FOTO

18 Aprel 2022- 13:46

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturu layihələrinin icra vəziyyəti ilə bağlı geniş nitq söyləyib

Prezident İlham Əliyevin müşavirədəki çıxışından irəli gələn tapşırıqların icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədi ilə Kəlbəcər, Laçın, Qubadlı, ZəngilanCəbrayıl rayonlarında olub.

Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib. 

Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, suötürücü boruların və kanalların tikintisi aparılır. Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 1 km-dən artıq qazma işləri icra olunub, 2 ehtiyyat keçidinin tikintisi yekunlaşıb. 

Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda həyata keçirilən mobilizasiya və torpaq işlərinin icrası ilə tanış olub

Səfər zamanı Saleh Məmmədov bu il istismara verilməsi nəzərdə tutulan və Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisinin gedişatı ilə də maraqlanıb. Hazırda yolun layihələndirilməsi ilə paralel olaraq, torpaq yatağının və 1 avtomobil körpüsünün inşası davam etdirilir

Laçın rayonu ərazisində baxış keçirilən növbəti mühüm yol infrastrukturu layihəsi Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur. Qubadlı-Laçın istiqamətində 45 km-lik, Xanlıq istiqamətində isə 14 km-lik hissədə torpaq yatağının, körpülərin tikintisi və asfaltlanma işləri icra olunur. 

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir. Layihənin icra vəzityyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, yol boyu torpaq yatağının, borukeçidlərin, tunel körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyyə və tapşırıqlarını verib

BÜTÜN YOLLAR QARABAĞA APARIR...