Az    |     Ru    |     En
      

Avtomobil yollarına görə infrastrukturun inkişafi Azərbaycan üçün mühüm hesab olunur. Çünki ölkəmizin coğrafi mövqeyi onu Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan, eləcə də Qara və Xəzər dənizləri arasında mühüm əlaqələndiriciyə çevirir. Bundan başqa yolların yenidən qurulması insanların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin edir. Bu üzdən dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir.

 

Nəticədə son 5 ildə (2016-2020) yenidən qurulub, təmir edilən yolların təqribən 1550 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır. Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları xüsusi çəkiyə malikdir. 

 

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması bunun bariz nümunəsidir. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, ZaqatalaBalakən rayonları ilə birləşdirən ən qısa yoldur.

 

Mürəkkəb relyef şəraitində, tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Məhz bu səbəbdən yeni layihədə Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə diqqət yetirilməsi ilə bağlı xüsusi tapşırıqlarını verib.

 

Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

 

Yeni layihə boyu 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. 3 körpüAğsuçay, GülyançayDəmiraparançay isə trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

 

Bütün trassa boyu mövcud olan müxtəlif ölçülü yolaltı suötürücü borular da texniki vəziyyətləri pis olduğundan yenilənir.

 

Yolun trassası ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə layihələndirilib. Nəticədə yolun Ağsuçayınadək olan hissəsində trassa 1.1 km, Ağsuçaydan sonrakı hissədə yol mövcuddan ayrılaraq yeni trassada yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.

 

Belə ki, layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşılan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına isə yol 2.2 km qısalır.

 

Digər hissələrdə layihələndirilən trassa Qəbələ şəhərinədək mövcud yol oxu ilə davam edir. Yolun trassası Qəbələ şəhərinə daxil olmadan soldan yeni trassa ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud trassaya birləşəcək. Bunun hesabına yol bu hissədə 5 km qısalır.

 

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;

- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;

- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;

- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;

- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;

- Regionda turizmin inkişafı.

 

Trassanın həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi ilk 14 hissəsidir ki, burda sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və s. mühəndisi tədbirlər nəzərdə tutulub. 

 

Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb. 

 

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

12.02.2021

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin