Az    |     Ru    |     En
      

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. 

 

Dövlət başçısı müşavirədə yekun nitqi ilə çıxışında işğaldan azad edilmiş ərazilərdə icra edilən və icrası nəzərdə tutulan yol infrastrukturu layihələrindən də danışıb:

 

"Bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik. Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq. Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək.

 

Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq."

07.01.2021

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin