Az    |     Ru    |     En
      

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb.

 

Ümumi uzunluğu 29 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

 

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Tikinti işləri zamanı yollar boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və yeni yol əsası inşa edilib.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 8 km-lik hissələri üzrə yeni yol yatağının və yol əsasının inşası işləri başa çatdığı üçün növbəti mərhələ üzrə asfaltlanma işlərinə başlanılıb. Yeni asdalt-beton örtüyünün döşənəcəyi sahə 250 min kv.m-dən çoxdur.

 

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

 

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

15.12.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin