Az    |     Ru    |     En
      

Vətəndaşların mənzil başına vaxt etirmədən, rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və şəhər ətrafı ərazilərdə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxtın şimal qapısı istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirildi.

 

Aparılan işlərin davamı olaraq Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün yeni yol qovşağının inşası edilir. Artıq inşaat işləri sonuncu mərhələ üzrə aparılır.

 

Qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

 

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsinin monolit dəmir-betonla inşası artıq yekunlaşıb. Hazırda körpülərə yanaşma yollarının inşası işləri görülür.

 

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası da nəzərdə tutulurdu ki, bu istiqamətdə işlərin böyük hissəsi icra olunaraq yekunlaşdırılıb.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

11.12.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin