Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq  yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublikamızda kənd yollarının inşası və yenidən qurulması layihələrinin icrası həm də vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafına hesablanıb.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, bu layihələrdən daha birinə Şamaxı rayonunda başlanılıb. Belə ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi məqsədi ilə bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla yenidənqurma işlərinə start verilib.

 

Ötən əsrin 70-ci illərinin normativləri əsasında tikilən, qara və çınqıl örtüklü olan Şəhriyar–Kələxana avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.

 

Hazırda 3 min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq  əsaslı şəkildə yenidən qurulur və  2 hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilir.

 

Layihə çərçivəsində ilkin mərhələdə marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb. Artıq  bu işlərin yekunlaşdığı  ərazilərdə 12 sm qalınlıqda olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

 

Ümumi uzunluğu 8 km olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 m, çiyinlərin eni isə 2 m təşkil edəcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyi üçün hesablanıb.

 

Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Qeyd edək ki, Kələxana kəndi ərazisində yerləşən XVII əsrə məxsus “Kələxana türbələri”  dünyanın ən unikal  tarixi komplekslərindən sayılır. Bura daxil olan doqquz abidə eyni zamanda orta əsrlərdə formalaşmış Şirvan-Abşeron memarlıq məktəbini təmsil etdiyindən olduqca önəmli hesab olunur.

 

Ölkə təsərrüfatında əhəmiyyətli yerlərdən birini tutan üzümçülük sahəsinin inkişaf etdiyi ərazilərdən sayılan Şəhriyar qəsəbəsi isə dünya şöhrətli “Mədrəsə”, “Şirvanşahı”, “Şamaxı mərəndisi”, “Qara mərəndi”, “Qızılı mərəndi” kimi qiymətli üzüm sortlarının yarandığı və becərildiyi yer kimi məşhurdur.

 

Ümumiyyətlə isə qədim Şamaxının bu əraziləri tarixi abidələrlə, təbiət gözəllikləri ilə zəngindir və beynəlxalq turizm marşrutuna uyğun meyarları özündə birləşdirir.

 

Bu baxımdan Şəhriyar–Kələxana avtomobil yolunun yenidən inşası təkcə  vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının və turizmin inkişafına da şərait yaradacaq.     

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

20.10.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin