Az    |     Ru    |     En
      

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması da bu tədbirlər sırasındandır.

 

Başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 km-dir. Yolun Ağsu-Qaradağ hissəsi 20.3 km, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18.7 km təşkil edir.

 

Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun Ağsu-Qaradağ hissəsinin 6.2 km-lik ərazisi dağılmış asfalt-beton örtüklü, 8.9 km-lik hissəsi çınqıl örtüklü və 5.2 km-lik hissəsi isə torpaq yoldur. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadığından asfalt-beton örtük yararsız vəziyyətdədir. Asfalt-beton örtükdə torşəkilli çatlar, aşınmalar və ümumilikdə torpaq yatağında və çınqıl örtüklü hissədə deformasiyalar əmələ gəlimişdir. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir. Sözügedən avtomobil yolununda nəqliyyat vasitələrinin intensiv hərəkətini, inzibati əhəmiyyətini və perspektiv inkişafını nəzə alıaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun əsaslı şəkildə təmir olunmasına başlanılmışdır.

 

Yenidənqurma işləri çərçivəsində yararsız asfalt-beton örtük mexanizmlə sökülür, torpaq yatağının yararsız hissələri ekskovatorla qazılıb çıxarılır və ərazidən daşınır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun kanal ilə paralel olan hissəsində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülür. Torpaq yatağı hazır olan hissələrdə isə əsasın alt və üst layının inşası aparılır. Ümumilikdə torpaq işləri 200 min kv.m-ə yaxın sahəni əhatə edib.

 

Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən 6.5 km-lik hissələrində isə karxana çınqılı ilə yeni yol yatağının, həmçinin 1 km uzunluğunda yeni piyada səkilərinin inşa edilməsinə, kənarlarına yeni səki daşları düzülməsi üçün hazırlıq işləri görülür.

 

Torpaq işlərinə paralel olaraq yol boyu uzunluğu 14.2 m, eni isə 5.8 m olan mövcud körpünün hərəkət hissəsi tavasının təmirinə və məhəccərlərin yenisi ilə əvəz edilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılır, həmçinin 1 nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün yeniləri inşa edilir. Bu məqsədlə 53 ədəd 460 paqon-metr uzunluğunda müxtəlif diametlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılır və izolyasiya olunur.

 

Bunun ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol birləşmələri avtoqreyderlə profilə salınaraq təmir ediləcək, avtomobil yoluna 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bunun üçün iri və xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunacaq. Asfaltlanma işləri ümumilikdə 120 min kv.m-dən çox sahəni əhatə edəcək.

 

Bundan başqa Ağsu-Qaradağ yolunun yenidən qurulması layihəsi çərçivəsində 11 avtobus dayanacağı, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün isə avtomobil yolunun 6.2-ci km-lik hissəsində beton kanal üzərindən keçən 30 m hissəsində 60 paqon-metr uzunluğunda ikitərəfli əyrixətli tirlər, yol boyu məlumatverici lövhələr, 83 yol nişanı və 460 siqnal dirəyi quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkiləcək.

 

Sadalanan anoloji işlərin Ağsu-Qaradağ yolundan ayrılan Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinə giriş yollarında da aparılması nəzərdə tutulur. Belə ki, çınqıl örtükdən ibarət yollarda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının eni dəyişkəndir. Bu üzdən qısa müddət ərzində sözügedən kəndlərin giriş yollarında da genişmiqyası tədbirlərin görülməsi start veriləcək.

 

Burda da torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılacaq, əvəzinə yararlı qrunt tökülərək yeni 80 min kv.m sahədə yol yatağı inşa ediləcək. Bunun ardınca layihədə nəzərdə tutulmuş materialdan istifadə olunaraq 120 min kv.m sahədə yol əsası inşa ediləcək və yollara 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək, yol birləşmələri profilə salınaraq təmir ediləcək.

 

Bundan başqa mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün, boru başlıqları yenidən təmir olunacaq və əlavə olaraq 1120 paqon-metr uzunluğunda müxtəlif diametrlərə malik 140 yeni metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılaraq izolyasiya olunacaq.

 

Layihənin sonuncu mərhələsində 9 yaşayış məntəqəsinin giriş yollarında zəruri olan yerlərdə avtobus dayanacaqları, məlumatverici lövhələr, 47 yol nişanı, 80 siqnal dirəyi quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

 

Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

08.05.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin