Az    |     Ru    |     En
      

Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5.2 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir.

 

Söhbət Bakı-Quba-Rusiya Federsiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun 204-cü km-dən ayrılan və Qullar kəndinə gedən avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6m hərəkət hissə, 2x2m çiyin hissələr) yenidən qurulur. 

 

Qusar rayonunun Qullar avtomobil yolu uzun illər istismar olunaraq təmirlər arası istismar müddətini keçmişdi və örtük yararsız vəziyətdə idi. Belə ki, örtükdə çalalar və deformasiya əmələ gəlmiş, örtüyün profili bir çox yerlərdə itmişdir. Bundan başqa yolun çiyin hissələri də deformasiyaya uğrayaraq çala-çuxurlu və palçıqlı idi. Hazırda yolun əsaslı şəkildə yenidən qurulması ilə sadalanan bu problemlər aradan qaldırılır.

 

Tikinti layihəsinə uyğun olaraq, yol yatağı buldozerlə kəsilərək profilə salınır, yararsız torpaq yatağı qazılaraq çıxarılır, daha onra əks-dolğu aparılaraq yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülməklə yol yatağı inşa olunur. Bunun ardınca optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, qum-çınqıl qarışığından isə əsasın üst layı tikilir.   

 

Marşrut boyu mövcud suötürücü borular yayrsız vəziyyətə düşdüyündən, boruların əvəzlənməsi və əlavə olaraq yeni boruların quraşdırılmasına ehtiyac var idi. Bu çərçivədə yeni dairəvi suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də aparılır.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin aparılmasına başlanılıb. Asfaltlanma işləri yolun 30 min kv.m-dən çox sahəsini əhatə edir.

 

Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

 

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, 5.2 km uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəıişində problemlərə səbəb olurdu. Bu üzdən Qusar rayonunun Qullar kəndinin yolunun yenidən qurulması kənd əhalisinin istər rayon mərkəzinə, istərsə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq.

05.05.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin