Az    |     Ru    |     En
      

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.

 

Son illər ərzində Bakı Ağ Şəhər layihəsi çərçivəsində yaradılan infrastruktur insanların rahatlığı və təhlükəsizliyini təmin etməklə yanaşı, paytaxtın görünüşünə əlavə gözəllik verir. Təməli 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan Bakı Ağ Şəhər layihəsinin baş planında nəzərdə tutulan şəhər tipli 10 universal kvartalın bir neçəsi artıq istifadəyə verilib. Hazırda Bakı Ağ Şəhər layihəsinin yeni Park Kvartalında abadlıq və infrastruktur-kommunikasiya işləri yekunlaşıb. Yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası, yeraltı avtodayanacaqlar və böyük park kompleksindən ibarət müasir kvartalda sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılır, yeni yollar salınır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma ərazidə görülən işlər barədə məlumat verdilər.

 

Bildirildi ki, Ağ Şəhərdə tikinti-quruculuq işləri çərçivəsində eni 37 metr, uzunluğu 2 kilometrə çatan Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşməsi istiqamətində işlər görülüb.

 

Dövlətimizin başçısı və birinci xanım buradakı parkın abadlaşdırılması və genişləndirilməsi planı ilə də tanış oldular.

 

Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov görülən və görüləcək işlər barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

 

Prezident İlham Əliyev Bakı Ağ Şəhər Mərkəzi Bulvar küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva buradakı parkda ağac əkməklə abadlaşdırma işlərinə start verdilər.

 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Park Kvartalı ilə tanış oldular.

 

Məlumat verildi ki, artıq bir neçə ildir Mərkəzi Bulvar küçəsinin Xəqani Rüstəmov küçəsindəki dairəyə birləşən hissəsi istismara verilib. Küçəni əhatə edən Paris evləri, quraşdırılmış heykəllər və yaşı yüz illərlə ölçülən dekorativ zeytun ağacları ərazinin bəzəyidir. Fəvvarələr Meydanı və Mərkəzi Park kvartallarını ayıran Mərkəzi Park küçəsi Ağ Şəhərin iki kilometrlik maneəsiz gəzinti zolağı ilə kəsişir və burada piyadalara üstünlük verildiyini bildirən hündür piyada keçidləri salınır. Küçə, eləcə də Park Kvartalının ərazisində qərbdən London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm “Knighstbridge Residence” kompleksi və şərqdən Böyük Park kompleksi və iyirmimərtəbəli müasir binalara keçidləri təmin edir. Müasir şəhər trendlərinə uyğun olaraq, Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənilib və həyata keçirilib. Bu yolayrıcında piyada və velosipedçilərin üstünlüyünü qeyd edən zolaqlar və yol nişanları, qoruyucu tumbalar nəzərdə tutulub.

 

Növbəti mərhələdə Mərkəzi Bulvar küçəsinin Nobel prospekti ilə kəsişməsinin işıqforla tənzimlənməsi, Bulvar yoluna birləşməsi və avtomobillərin bu küçə ilə birbaşa Sahilyanı kvartala və Ağ Şəhər Bulvarına hərəkəti planlaşdırılır. Mərkəzi Bulvar küçəsi Ağ Şəhərin təkrarolunmaz üslubunu əks etdirən xüsusi detallarla bəzədilib - eni 11 metrə çatan səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, səkilərdə küçənin adı daş nişanlarla qeyd edilib, yolgöstəriciləri və xəritələr, incəsənət nümunələri quraşdırılır, piyada keçidləri və avtomobillər üçün xüsusi dayanacaq yerləri təşkil edilir.

 

Yeni salınmış yaşıllıq zolağında əvvəllər ərazidə yerləşən və 1863-cü ildə ilk dəfə Bakıda tətbiq edilmiş ağ neftin ikiqat təmizlənməsi qurğuları bərpa edilərək saxlanılıb. Burada yaradılan yaşıl istirahət zonalarında çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda yeni ağaclar əkilib, eləcə də Ağ Şəhər ərazisində illər boyu bitən ağaclara buraya köçürülərək, onlara yeni həyat verilib. Qara şəhərin tarixi irsinə hörmətlə yanaşaraq, burada XIX əsrdə dünyanın ən qabaqcıl ağ neftin təmizlənməsi qurğuları, XIX əsrin sonları - XX əsrin əvvəllərində neft çənləri əhatə edən istinad divarı və 1890-1940-cı illərdə əhaliyə təmiz suyun paylanmasını təmin edən pavilyon bərpa edilib. XIX əsrə aid olan neft anbarlarını əhatə edən istinad divarı da qorunub saxlanılıb, divar boyunca Olimpiya kvartalına piyada keçidi salınıb. Yeni salınan yaşıllıq zolağında parka keçid pilləkənləri kompleksi yaradılıb, layihənin tarixi və göstəriciləri haqqında qranit xatirə daşı qoyulub.

 

Prezident İlham Əliyevə Ağ Şəhərdə mərhələlərlə görülən işlər, Nobel prospekti üzrə xüsusi layihələndirilmiş binalar haqqında ətraflı məlumat verildi. Bildirildi ki, burada yerli və xarici sənətkarların incəsənət nümunələri qoyulub və gələcəkdə bu işlər davam etdiriləcək. Bundan əlavə, Olimpiya kvartalında görülən infrastruktur işləri, o cümlədən eni 80 metr olan Nobel, Babək, Heydər Əliyev prospektlərini, Ziya Bünyadov küçəsini və gələcəkdə tikiləcək bulvar küçələrini birləşdirən yol və digər infrastruktur layihələri barədə məlumat verildi. Qeyd edildi ki, Ağ Şəhərdə ofis, yaşayış, inzibati, dövlət binalarının, parkların və digər tikililərin inşası nəzərdə tutulub.

 

Görülən işlərdən razılığını bildirən Prezident İlham ƏLİYEV dedi.

 

-Hər il biz ənənəvi olaraq Ağ Şəhərin təməlqoyma günündə görülən işlərlə tanış oluruq və gələcək il üçün planlar tərtib edirik. 2019-cu ildə görülən işlər yüksək səviyyədədir, mən bunu bəyənirəm. 2020-ci ildə də nəzərdə tutulan bütün planlar gərək həyata keçirilsin, o cümlədən yol infrastrukturu. İnvestorlar üçün yeni təkliflər ortaya qoyulmalıdır ki, investorlar Ağ Şəhərin tikintisinin davam etdirilməsinə və tamamlanmasına daha böyük həvəslə vəsait yatırsınlar. Görülmüş işlər münasibətilə sizi təbrik edirəm, yeni uğurlar arzulayıram. Sağ olun.

 

Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov görülən işləri yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və onu doğum günü münasibətilə təbrik etdi.

 

Sonda xatirə şəkilləri çəkdirildi.

24.12.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin