Az    |     Ru    |     En
      

Dekabrın 24-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib.

 

Körpünün açılış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Rusiya tərəfdən isə bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və başqaları iştirak edib.

 

Əvvəlcə körpünün açılışını bildirən rəmzi qırmızı lent kəsilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

 

Açılış mərasimində Azərbaycan və Rusiya arasındakı uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərindən danışılıb, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd edilib.

 

Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Rusiya sərhədində Samur çayı üzərində yerləşən avtomobil körpüsünün açılışını ölkələrimiz arasında olan dostluq və qonşuluq münasibətlərinin rəmzi adlandırıb. Bildirilib ki, bu körpü təkcə Samur çayının iki sahilini birləşdirmir, həm də xalqlarımızı birləşdirir.

 

Azərbaycan ilə Rusiyanı strateji əlaqələrin birləşdirdiyini vurğulayan Baş Nazirin müavini qeyd edib ki, yeni körpü beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaradır.

 

Şahin Mustafayev bildirib ki, bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edib və iki ölkə başçısının görüşləri baş tutub. Bu görüşlərdə ölkələrimiz arasında iqtisadi və siyasi inkişaf dinamikasi yüksək dəyərləndirilib. İkitərəfli əməkdaşlığın bir sıra sahələri müzakirə edilib.

 

Baş Nazirin müavini əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva da ölkələrimiz arasında münasibətlərin inkişafında böyük rol oynayıb.

 

Yeni körpünün sərhədyanı rayonlarda yaşayan insanların əlaqələrinin daha da sıxlaşmasına imkan verəcəyini söyləyən Ş.Mustafayev diqqətə çatdırıb ki, bu körpü ticarət əməliyyatlarının genişlənməsinə də səbəb olacaq. İki ölkə arasında sabit ticarət əməliyyatlarının artımı qeydə alınıb. Gömrük sadələşdirilməsi və "Yaşıl dəhliz" sisteminin işə salınması ticarət dövriyyəsini daha da genişləndirəcək.

 

Baş Nazirin müavini vurğulayıb ki, yeni körpü Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponentidir. Onun sözlərinə görə, bu ilin 10 ayında Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yük daşınması 60 faiz, Şimal-Qərb marşrutu üzrə isə 53 faiz artıb. Eyni zamanda, körpünün açılışı turizmin inkişafına da təkan verəcək, insanların gediş-gəlişini asanlaşdıracaq.

 

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin çıxışında bildirib ki, Samur çayı üzərində yeni avtomobil körpüsü Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə təşəbbüsü nəticəsində tikilərək istifadəyə verilib.

 

Rusiyalı nazir qeyd edib ki, uzun illər aparılan müzakirələr sonda müsbət nəticələndi: “Ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin Soçi şəhərinə səfəri zamanı yekun razılaşmalar əldə edilib və bütün məsələlər yoluna qoyulub. Əvvəllər infrastrukturun müasir tələblərə cavab verməməsi səbəbindən burada növbələr olurdu. Nəhayət, burada möhtəşəm yeni körpü istifadəyə verildi. Mən bu körpünün tikintisində əməyi keçənlərə təşəkkürümü bildirirəm. Doğurdan da çox keyfiyyətli iş görülüb. Bu körpünün açılışı hər iki ölkə üçün tarixi əhəmiyyətli hadisədir”.

 

Maksim Oreşkin bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu il 25 faiz artıb. Bu rəqəm xarici ticarət əlaqələri sırasında ən yüksək göstəricilərdəndir. “Digər ölkələrlə buna yaxın göstəricilərimiz yoxdur. Bu da Azərbaycanla qarşılıqlı münasibətlərimizin addım-addım inkişaf etdiyini göstərir. Ölkələrimizin insanları, şirkətləri arasında əlaqələr güclənir. Azərbaycanla Rusiya arasında qarşılıqlı turist axını da artmaqdadır. Buna görə də müvafiq infrastruktur da paralel olaraq inkişaf etdirilməlidir. Bu körpü ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bu isə, öz növbəsində yeni iş yerlərinin açılmasına təkan verəcək. Körpü həm də böyük sosial əhəmiyyətə malikdir. Layihənin icrası növbəti perspektiv planlara yol açır. Yeni infrastruktur layihələrinin həyata keçirilməsi ölkələrimizi daha da yaxınlaşdıracaq”, - deyə M.Oreşkin çıxışında söyləyib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında körpünün açılışını əlamətdar hadisə kimi dəyərləndirərək, ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. “Bu gün hamı bayram əhval-ruhiyyəsindədir. Sevincli günlərimizdən biridir. Bu gün, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. İlham Əliyevin və Vladimir Putinin səyi nəticəsində ərsəyə gələn bu körpünü quraşdıranlar belə bir əlamətdar gündə Prezidentimizə əsl hədiyyə etdilər. Mən buradan tez-tez keçirdim və çətinlikləri görürdüm. Uzun illər arzulamışıq ki, burada yeni körpü qurulsun və insanların rahatlığı təmin edilsin. Nəhayət həmin gün yetişdi. Mən bu körpüdən istifadə edəcək bütün insanların adından körpünü lahiyələndirənlərə, tikinti işçilərinə, mühəndislərə və burada əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu körpü doğurdan da Azərbaycan və Rusiya dostluğunun rəmzinə çevriləcək”, - deyə Polad Bülbüloğlu qeyd edib.

 

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev də çıxışında xalqlarımız arasında münasibətlərin inkişafından, yeni istifadəyə verilən körpünün sərhədyanı rayonlarda yaşayan sakinlərin rifah halının yaxşılaşması üçün böyük əhəmiyyətə malik olmasından danışıb.

 

“Azərbaycan və Rusiya prezidentləri iki ölkə xalqlarının mənafeyi naminə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək üçün səylər göstərirlər. Biz bilirik ki, etimad sıx əməkdaşlığa gətirib çıxarır, qarşılıqlı əməkdaşlıq nəticəsində isə dövlətlərin, xalqların rifahı yüksəlir. Dağıstanlılar azərbaycanlılara xüsusi rəğbət bəsləyir, aramızda bir çox bağlılıq var, müştərək tarix var, qarşılıqlı hörmət və ehtiram var. Qonşun firavan dolanırsa, sən də bayram edə bilərsən”, - deyə Vladimir Vasilyev söyləyib.

 

V.Vasilyev bu il Mahaçqala ilə Bakı arasında işə salınacaq sərnişin qatarının da ikitərəfli əlaqələrə mühüm töhfə olacağını vurğulayıb.

 

Mərasimdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Rusiya tərəfi ilə birgə Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın reallaşdırdığı infrastruktur layihələrindən biridir.

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası saziş imzalanıb. İnşaat işlərinin xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib. Müasir standartlara cavab verən yeni körpü 1957-ci ildə inşa olunmuş köhnə tikilini əvəzləyir. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarətdir.

 

Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bununla da sahibkarlarımızın Rusiyaya yük daşınmasına sərf etdikləri vaxt kifayət qədər azalacaq. Bu isə həm xərclərin azalmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşadığından körpü həm də böyük sosial əhəmiyyətə malikdir.

 

Xatırladaq ki, körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb və layihəyə uyğun olaraq iki il ərzində inşası başa çatdırılaraq istifadəyə verilib.

24.12.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin