Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2019-cu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

 

İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra agentliyin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

 

İdarə Heyyətinin sədri 2019-ci ilin 9 ayı ərzində prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamları əsasında respublikanın avtomobil yollarının inkişafı  istiqamətində çox mühüm layihələr həyata keçirildiyini və bir sıra nailiyyətlər əldə edildiyini qeyd edib. O, ölkə başçısının sədrliyi ilə 2019-cu il 11 yanvar tarixində keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, prezident İlham Əliyevin tərəfindən 2019-cu ildə agentlik qarşısında ən azı 1000 km avtomobil yolunun salınması kimi çox məsuliyyətli tapşırıq qoyulduğunu xatırladıb.

 

Saleh Məmmədov qeyd edib ki, prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, həmçinin dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq 2019-cu ilin 9 ayı ərzində ümumi uzunluğu 903.5 km olan 32 layihə üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bura 4 respublika əhəmiyyətli, 23 kəndlərarası və 5 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri daxildir. 

 

Hesabat dövründə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 10 yeni körpü tikilib, 12 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.

 

İdarə Heyyətinin sədri Saleh Məmmədov əlavə edib ki, bu ilin 9 ayı ərzində Bakı şəhərində təmirə ehtiyacı olan ümumi uzunluğu 242,8 km kilometr küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib.

 

İclas zamanı o da qeyd olunub ki, 2019-cu 9 ayı ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi  hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km, 4 hərəkət zolaqlı),  R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70.5 km, 2 hərəkət zolaqlı),  M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58.12 km, 2 hərəkət zolaqlı),  R-42 Bəhrəmtəpə-Biləsuvar  avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilib.

 

Daha sonra AAYDA-nin müvafiq idarə rəhbərlərinin hesabat məruzələri dinlənilib  və dövlət başçısının tapşırığına uyğun olaraq bu ilin sonuna qədər 1000 km-dən artıq avtomobil yolunun yenidən qurulub, bərpa və təmir olunub vətəndaşların istifadəsinə verilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

30.10.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin