Nardaranda küçələrin yenidənqurulması davam etdirilir

28 Dekabr 2015- 00:00
11 Nardaranda küçələrin yenidənqurulması davam etdirilir

         Azərbaycan prezidenti İlham Əliyev tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə işlər davam etdirilir.

 

         Bu çərçivədə “Azəryolservis” ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

 

         İlkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işləri aparılır. Yenidənqurulan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işlər aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir.

 

         Paralel olaraq küçə boyu yeraltı kommunikasiya xətlərinin ( su, qaz, kanalizasiya) çəkilişi ilə məşğul olan qurumlar da öz işlərini aparırlar. Sözügedn küçədə kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

 

         Abşeron küçəsinin yenidənqurulması layihəsinə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 2 metr enində səkilər tikiləcək, 4500 paqon-metr səki daşı düzüləcək. 40 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

        

         Anoloji işlər qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Bu küçənin uzunluğu 780 metr, ortalama eni isə 6 metrdir. Bu küçənin də genişləndirilərək 16 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

        

         Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 2 metr enində səkilər tikiləcək, 1500 paqon-metr səki daşı düzüləcək. 11 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

        

         Yenidənqurma işləri  “Azəryolservis” ASC tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

XƏBƏRƏ AİD FOTOLAR

XƏBƏRƏ AİD VİDEO