Az    |     Ru    |     En
      

Prezident İlham Əliyevin Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı sərəncamına əsasən, hazırda rayon ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

 

Söhbət Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun Goranboy-Goran,  Goranboy-Tərtər, Goranboy-Borsunlu, həmçinin Gürzallar-Rus Borisi avtomobil yollarından və Qazanbulaq kəndinin giriş yolundan gedir.

 

Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun uzunluğu 40 km-dir. Bunun 37.7 km-lik hissəsi III texniki dərəcəli, 2.3 km-lik hissəsi isə IV texniki dərəcəyə malikdir.

 

Uzunluğu 13 km olan Goran-Goranboy, 7.6 km olan Goranboy-Tərtər, 15.1 km olan Goranboy-Borsunlu və 2 km olan Gürzallar-Rus Borisi hissəsi III texniki dərəcəli, uzunluğu 2.3 km olan Qazanbulaq kəndinə giriş yolu isə IV texniki dərəcəlidir.

 

Aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb.

 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin rahat gediş-gəlişini təmin etmək, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. 

 

Bunun üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində yollar 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Aparılan təkmilləşdirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

 

Tikinti layihəsinə uyğun olaraq mövcud örtük sökülüb, yolun yararsız qruntu qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb, çiyin hissələr xüsusi materialla bərkidilib.

 

Növbəti mərhələdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası işləri aparılıb. Bunun ardınca xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılıb. Buna paralel olaraq ayrıcı zolaq və səki hissələrin kənarlarına 14 min paqon-metr yeni səki daşı düzülüb, zəruri yerlərdə əyrixətli metal tirlər və dirəklər quraşdırılıb.

 

Yol boyu suvarma və məişətdə istifadəsi üçün suların ötürülməsi məqsədi ilə müxtəlif diametrlərə malik yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə 298 paqon-metr uzunluğunda metal və dəmir-beton suötürücü borular quraşdırılıb.

 

Bundan başqa yolun Goranboy-Borsunlu hissəsinin 6-cı km-də Rəhimliçay, 9-cu km-də Gorançay və 13-cü km-də Yarğançay üzərində yerləşən mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülərək yekunlaşdırılıb.

 

Tikinti layihəsinin sonuncu mərhələsində 257 yol nişanının, 1200 ədəd siqnal dirəyinin quraşdırılması, 6 avtobus dayanacağının tikintisi, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və yaxın vaxtlarda tam olaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. 

 

29.08.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin