Az    |     Ru    |     En
      

Yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri aparılır. 

 

Başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 115-ci km-dən götürən yerli əhəmiyyətli Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı yolunun uzunluğu 26.1 km-dir və IV texniki dərəcəlidir.

 

Sözügedən avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilməklə işlərə başlanıldı.

 

Layihə çərçivəsində yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə süxurların mexanizmlə kəsilməsi, həmçinin  yolun torpaq yatağının bərpası üçün yararsız qruntun və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılır. Tikintinin aparıldığı ərazi 250 min kv.m-dən çoxdur. 

 

Yeni yol yatağının tikintisi bitən ərazilərdə optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işləri bitəndən sonra asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yol boyu 150 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, çiyinlər optimal-çınqıl qarışığı ilə bərkidiləcək.

 

Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün layihə üzrə boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yol birləşmələri ilə kəsişmələrdə yeni boruların qoyulması nəzərdə tutulur. Bu çərçivədə yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrli metal və dəmir-beton boruların quraşdırılması işləri aparılacaq, avtoqreyderlə küvetlər açılacaq.  

 

Layihənin sonuncu mərhələsi üzrə hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə km göstəricisi, yol nişanı və siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

 

Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması ilə 5 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq, yol boyu yaşayan 4 minə yaxın əhali rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcəklər. Ümumilikdə sözügedən yolun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə kənd əhalisinin sosial rifah halına müsbət təsir göstərəcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

23.08.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin