Az    |     Ru    |     En
      

Lənkəran rayonunun Hirkan–Mamusta-Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri bitmək üzrədir. Sözügedən avtomobil yolunun uzunluğu 7 km təşkil edir.

 

Uzun müddət istismardan sonra 7 km uzunluğa malik Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolu dağılmış, çökmələr və çatlar əmələ gəlmişdir. Torpaq yatağı deformasiyaya uğramışdır və yol istismara yararsız vaziyətdə idi. Yol yatağının hündürlüyü və eni normaya uygun gəlmədiyi üçün əsaslı şəkildə təmirə ehtiyac yaranmışdır. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə yol boyu aparılan təmir-tikinti işləri yekunlaşır.  

 

Sözügedən yolda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.  Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində qara örtüklü olan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

 

Yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

 

Tikinti layihəsinə uyğun olaraq, hazırda yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Yol yatağından sonra lazımi qarışıqlardan istifadə edilməklə 2 laydan ibarət yol əsası inşa olunub.

 

Bunun ardınca yol əsası hazırlanmış ərazilərin asfaltlanması işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidilib. Bu işlər yolun 40 min kv.m sahəsini əhatə edib.

 

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarması və məişətdə istifadə üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli 210 paqon-metr uzunluğunda yeni boruların, həmçinin dəmir-beton küvetlərin tikintisi işləri aparılıb. 

 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan Hirkan-Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulmasında məqsəd 3 yaşayış məntəqəsində yaşayan 10 min nəfərə yaxın əhalinin gediş-gəlişini təmin etmək, Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

 

Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.

25.07.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin