Az    |     Ru    |     En
      

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir.

 

Bütün fəsillərdə aktual olan turizm növlərindən biri dağ turizmidir. Dağ turizmini inkişaf etdirmək və insanların səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə bu istiqamətdə avtomobil yolları yenidən qurulub və qurulmaqda davam edir.

 

Bu tapşırığın icrası ilə əlaqədar olaraq respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması uğurla davam etdirilir.

 

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38 km-lik Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi artıq yenidən qurulub. 2-ci mərhələ üzrə isə hazırda 21.5 km-lik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işlərinə start verilib.

 

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol əsası və yol geyimi deformasiyaya uğramış, yolda çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuş, çiyinlər çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır.

 

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülüb, sökülmüş hissələrdə həmçinin zəruri digər ərazilərdə torpaq işləri görülüb, yeni yol yatağı inşa olunub. Hazırda yol əsasının 2 lay olaraq inşası, yol əsası hazır olan hissələrin isə 3 laydan ibarət asfalt-betonla örtülməsi işləri görülür.  

 

Mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü borular quraşdırılır. Bundan başqa 5 nöqtədə düzbucaqlı su keçidləri inşa olunur, 30 metr uzunluğunda 1 mövcud körpü isə əsaslı şəkildə təmir edilir.

 

Layihəyə uyğun olaraq sürüşmə ehtimalı olan ərazilərdə və zəruri olan digər yerlərdə istinad divarları bərpa edilir, küvet hissələr, həmçinin hərəkətin təhlükəsizliyi üçün monolit dəmir betondan parapetlər tökülür.  

 

Tikinti layihəsinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən yaşayış məntəqələrinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.   

24.07.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin