Az    |     Ru    |     En
      

Avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarında asfalt-beton örtüyünün yenilənməsi və bərpası istiqamətində addımlar atılır. Bu çərçivədə M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-116-cı km-lik hissəsində təmir-tikinti işlərinə start verilib.

 

Tikinti işləri avtomagistralın Ələt-Hacıqabul hissəsində aparılır. İlkin mərhələdə işlərə Hacıqabul rayonu ərazisindən, yəni 116-cı km-dən başlayaraq Ələt qəsəbəsi istiqamətində start verilib. Bu üzdən sözügedən hissə ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılarıb. Müvəqqəti olaraq Bakı şəhəri istiqamətində hərəkət edən sürücülər üçün əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.

 

Təmir-bərpa işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının deformasiyaya uğramış yararsız hissələri qazılaraq çıxarılır, yararlı qrunt ilə əks dolğu işləri aparılaraq yenidən kipləşdirmə işləri görülür. Bunun ardınca qazılmış hissələrdə yol əsası işlənərək hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

 

Bu işlərə paralel olaraq yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlərin sökülməsi əvəzinə monolit dəmir-beton mühafizə sədlərin quraşdırılması işləri də görülür. Layihənin növbəti mərhələsi olaraq yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib.

 

Birinci mərhələ üzrə, yəni Hacıqabul-Ələt hissəsində işlər tam başa çatdıqdan sonra, ikinci mərhələ üzrə işlərə başlanılacaq. Bu mərhələdə isə təmir-tikinti işlərinin əks istiqamət üzrə, yəni Ələt qəsəbəsi ərazisindən başlayaraq Hacıqabul rayonunadək olan hissəsində (69-116-cı km) aparılması planlaşdırılır. Hazırda təmir-tikinti işlərinin aparıldığı əraziyə işlərin vaxtında yekunlaşdırılması üçün lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.

21.05.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin