Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi uğurla icra olunur

17 May 2019- 09:09
11 Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi uğurla icra olunur

 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir. 

 

Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. Yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək.

 

Layihəyə uyğun olaraq işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilir. Digər hissələrdə layihəyə uyğun torpaq işləri və yatağın tikintisi işləri aparılır. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib.

 

Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.

 

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulur, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib.

 

Bundan başqa layihə çərçivəsində 719 paqon-metr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yol boyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılır.

 

27.5 metr enində olan torpaq yatağının inşası işlərindən sonra, yol əsasının inşası işlərinə başlanılıb. Yol əsası 48 sm qalınlıqda 2 laydan ibarətdir. Yol əsası hazır olan hissələrdə yolun hərəkət hissəsinə və bərkidici zolağa 29 sm qalınlıqda 3 laydan ibarət asfalt-beton örtüyün döşənməsi işlərinə də həyata keçirilir. Beləliklə ümumilikdə yol geyimi 95 sm hündürlükdə olacaq.

 

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.