Səbail rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində addımlar atılır

11 Aprel 2019- 10:35
11 Səbail rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində addımlar atılır

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər Səbail rayonundan da yan keçməyib. Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən hazırda Səbail rayonu üzrə yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

 

İlkin mərhələdə təmir-tikinti işləri yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yolarda aparılır. Təbii ki, birinci növbədə ümumi istifadədə olan küçə və yollardan söhbət gedir.

 

Səbail rayonu üzrə bu cür yollardan biri Elçin Əzizov küçəsidir. Küçə rayonun “20-ci yaşayış sahəsi”ndə yerləşir və bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçə uzun illərdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmiri həyata keçirilməmişdi. Bu üzdən təmir-tikinti işlərinə start verilməsi əhalinin ürəyincə olub.

 

Elçin Əzizov küçəsinin uzunluğu 1 km-ə, eni isə 6 metrə bərabərdir. Təmir-tikinti işlərinin aparıldığı sahə 6 min kv.m-ə yaxındır.

 

Təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yeni yol əsası inşa edilməklə küçə profilə salınıb.

 

Hazırda isə küçə boyu asfaltlanma işlərinə start verilib. İri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 6 min kv.m-ə yaxın ərazinin asfaltlanması nəzərdə tutulub.

 

AAYDA-nin rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün ərazidə lazımi sayda qüvvə çalışır.

 

Qeyd edək ki, yaxın müddət ərzində Səbail rayonu “20-ci yaşayış sahəsi”ndə 30 min vətəndaşın istifadə etdiyi daha 4 küçədə də təmir-tikinti işlərinə star veriləcək. Bu hər birinin uzunluğu 900 metr olan Arif İsmayıl və Yüzbəy Mürsəlov küçəsi, 800 metr uzunluğa malik Çernyakovski küçəsi, həmçinin ümumi uzunluğu 8.6 km olan, “20-ci yaşayış sahəsi”nin əsas yolu hesab olunan Gülbala Əliyev küçəsidir.

 

Bu küçələr uzun illər təmir işləri aparılmadan istismar olunduğundan, yolun torpaq yatağı və yol əsası istismar müddətini keçib, üstəlik yeraltı kommunikasiya xətlərinin olmaması və ya sıradan çıxması yol əsasını yararsız vəziyyətə salıb.

 

Hazırda sadalanan küçələr boyu yeraltı kommunikasiya xətlərinin çəkilişi işləri aparılır. Bu işlərin yekunlaşması ardıcıllığına uyğun olaraq AAYDA tərəfindən küçələrin təmiri işləri həyata keçiriləcək.

 

Anoloji işlərin yaxın müddət ərzində Səbail rayonu, Badamdar qəsəbəsi “3-ci massiv” yollarında da aparılması nəzərdə tutulur.